Toyota Venza modeli bizim bazarda satılmasa da, vaxti ilə Bakı küçələrindən şütüyüblər. Doğrudur, avtomobil ilk zamanlarda yerli alıcılarda maraq oyatsa da, bizim bazarda daha populyar olan Land Cruiser Prado ilə rəqbət apara bilmədi. Səbəb isə məlum idi - Venza krossover və miniven janrlarının arasında ilişib qalmış bir avtomobil idi. 2008-ci ildən 2017-ci ilə qədər buraxılan model bizim bazarda səssiz peyda olduğu kimi, səssiz də qeybə çəkildi.
Budur, artıq Toyota Venza yenidən Amerika bazarına qayıdır - amma, yeni formatda. ABŞ-da təqdim olunan Venza modelinin ikinci nəsli, əslində bir ay əvvəl Yaponiyada debüt etmiş dördüncü nəsil Toyota Harrier krossoverinin Amerika bazarı üçün uyğunlaşdırılmış versiyasıdır.
Yeni Venza modeli Amerikada Toyota RAV4 və Highlander krossoverlərinin arasında yer alacaqdır. Krossoverin ikinci nəsli, bütün köndələn mühərrikə malik olan son iri Toyota modellər kimi, GA-K (TNGA) modul platformada inşa edilib. Krossover öndə MacPherson dayaqları, arxada isə ikiqollu asqıya malikdir.
Asqı sistemi rahatlıq və reaksiyaların kəskinliyi arasında tarazlığa nail olmaq üçün optimallaşdırılıb. Toyota Venza modelinin təchizatına döngələrdə əyləcləmə zamanı ön oxun sürüşməsinin qarşısını alan ACA (Active Cornering Assist) sistemi daxil edilib.
Maraqlıdır ki, ölçülərinə görə, ikinci nəsil Venza modeli sələfindən kiçikdir. Avtomobilin uzunluğu 60 millimetr (4740 millimetr), eni isə 50 millimetr (1855 millimetr) azalıb. Krossoverin təkər bazası RAV4 modeli ilə eynidir - 2690 millimetr. Əvvəlki modeldə bu göstərici 2775 millimetr idi. Bununla birlikdə, yeni krossover əvvəlki kross-universaldan 50 millimetr (1660 millimetrm) hündürdür. Krossover 18 və ya 19 düymlük təkər diskləri ilə təchiz edilir.
Yaponiyada satılan Harrier modeli benzin mühərriki və hibrid güc qurğusu ilə təklif olunarsa da, Amerikada satılan Venza alternativsiz olaraq hibrid güc qurğusu və tam ötürmə sistemi ilə təchiz edilir.
2,5-litrlik dördsilindrli benzin mühərriki, elektromotor və elektromexaniki variator ilə birlikdə ön oxun hərəkətə gəlməsini təmin edir. Arxa oxda isə digər elektromotor quraşdırılmışdır. Hibrid qurğunun ümumi hasilatı 222 at qüvvəsidir. Elektromotorlar arxa oturacaqın altında yerləşdirilmiş litium-ion batareyasından qidalanırlar. Batareyanı məişət şəbəkəsində doldurmaq mümkün deyil - Toyota əvvəlki kimi "özüdoldurulan" hibridlərə etibar edir.
Hərəkət rejimlərini sisteminin sırf elektrik rejimindən başqa, Normal, Eco və Sport rejimləri də mövcuddur. Bundan başqa, Predictive Efficient Drive (PED) funksiyası da nəzərdə tutulmuşdur: naviqator sürücünün ən çox yavaşlamağa başladığı yerləri yadda saxlayır və növbəti səfərlər zamanı elektronika əvvəlcədən rekuperasiya rejiminə keçir.
Təchizat səviyyəsindən asılı olaraq, Venza modeli üçün 8.0 və ya 12.3 düymlük ekranı olan mediasistem, həmçinin 4.2 və ya 7.0 düymlük ekranı olan cihazlar paneli nəzərdə tutulmuşdur. Klimat-kontrol sisteminin bloku tamamilə sensorludur, opsiyalar arasında proyeksiya displeyi və havalandırmalı ön oturacaqlar da vardır. Baqaj bölümünün həcmi amerikan EPA metoduna əsasən 1028 litrdir.
Toyota Harrier və Venza əkizləri elektroxrom panoram dama malik olan ilk Toyota avtomobilləridir: düyməyə toxunmaqla şüşəni qeyri-şəffaf etmək olar. Bununla belə, tavanı bağlayan adi pərdə də mövcuddur. Opsiyalar arasında salon güzgüsünü əvəzləyən displey də vardır: bu displeyə görüntü arxa tərəfdə damda quraşdırılan kameradan ötürülür.
Amerika bazarında yeni Toyota Venza modelinin satışlarına yayda start verləcəkdir. Bu, Yaponiyada satılan Harrier krossoverinin yenidən "qlobal" modelə çevrildiyindən xəbər verir.
Xatırladaq ki, bizim bazarda satılan Lexus RX modelləri Harrier modelinin ilk iki nəslinin əkizləri olublar. Modelin üçüncü nəsli isə, Yaponiya və bəzi Asiya ölkələrində yalnız sağda yerləşən sükanla satılırdı.
Amerika Birləşmiş Ştatlarından sonra, Harrier modeli Frontlander adı ilə Çində debüt etməlidir. Bundan sonra krossoverin satış coğrafiyası barədə dəqiq məlumat veriləcəkdir.