Cümə günü Hokkenhaymrinqdə keçirilmiş ikinci sərbəst yürüşlərdə günün protokoluna BMW komandasının kanadalı pilotu Bruno Spenqler başçılıq edib. Kanadalı pilot yağmurlu hava şəraitində başlayan yürüşlərdə Hokkenhaymdakı dövrəni 1.43,780 zamanla başa vurub.
Sərbəst yürüşlərin ilk yarısı yaş zəmində keçsə də, ikinci yarıda asfalt qurumağa başlayıb və pilotlar ardıcıl olaraq zamanlarını yaxşılaşdırmağa başlayıblar.
İkinci nəticəni yeni mövsümün debütantı Aston Martin Vantage DTM siluetinin pilotu Ceyk Dennis göstərib. O, Spenqlerdən 0,014 saniyə geridə qalıb. Günün üçüncü nəticəsini isə, Marko Vittmann (BMW) qeydə alıb. Eks-çempion komanda yoldaşından 0,185 saniyə geridə qlıb. İlk beşliyi Rene Rast (Audi) və Timo Qlok (BMW) tamamlayıb.
İkinci beşlikdə birinci sərbəst yürüşlərin lideri Niko Müller (Audi), Daniel Xunkadelya (Aston Martin), Robert Freyns, Loik Dyüval və Mayk Rokkenfeller ( hər üçü - Audi) yer alıblar. Bu gün yeni mövsümün ilk təsnifat mərhələsi və ilk yarışı keçiriləcəkdir.