"İlin ümumdünya avtomobili" müsabiqəsinin təşkilatçıları birinci yer uğrunda mübarizə aparacaq finalçıların siyahısını dərc ediblər. Bu siyahıya 10 avtomobil daxil edilibdir ki, bunlardan üç yapon, iki alman və britaniya, həmçinin bir isveç, cənubi koreya və italyan brendlərinə məxsus olan avtomobillərdir.
Müsabiqənin qalibi bu ilin 28 mart tarixində Nyu-Yorkda keçirilən avtosalonda elan ediləcəkdir. Dünyanın ən yaxşı avtomobili adına Alfa Romeo Giulia, BMW X3, Kia Stinger, Land Rover Discovery, Mazda CX-5, Nissan Leaf, Range Rover Velar, Toyota Camry, Volkswagen T-Roc və Volvo XC60 modelləri namizəddirlər. "İlin ümumdünya avtomobili" ilə yanaşı "İlin nümayəndəlik avtomobili", "Ilin sportkarı", "İlin şəhər avtomobili", "İlin yaşıl avtomobili" və "Ən yaxşı dizayn" kateqoriyaları üzrə qaliblər də müəyyən ediləcəkdir.
"İlin nümayəndəlik avtomobili" kateqoriyasında Audi A8, BMW 6-Series Gran Turismo, Lexus LS, Porsche Cayenne, Porsche Panamera mübarizə aparacaqlar.
"İlin sportkarı" nominasiyasında BMW M5, Alfa Romeo Giulia Quadrifoglio, Audi RS3 sedan, Honda Civic Type R və Lexus LC 500 yarışacaqlar. "İlin yaşıl avtomobili" kateqoriyasında BMW 530e iPerformance, Chevrolet Cruse Diesel, Chrysler Pacifica Hybrid və Nissan Leaf yarışacaqlar. "İlin şəhər avtomobili" adına Ford Fiesta, Hyundai Kona, Nissan Micra, Suzuki Swift və Volkswagen Polo namizəddirlər.
"Ən yaxşı dizayn" nominasiyası uğrunda Citroen C3 Aircross, Lexus LC 500, Range Rover Velar,Alpine A110 və Volvo XC60 modelləri mübarizə aparacaqdırlar.
Xatırladaq ki, 2017-ci ildə "İlin ümumdünya avtomobili" nominasiyasının qalibi Jaguar F-Pace olub. Bir öncə, bu ada Mazda MX-5 rodsteri layiq görülmüşdür.