Alpine markası altında buraxılacaq ilk krossover hələ keçən il, Renault şirkətinin Renaulution strategiyasının təqdimatı zaman anons edilmişdi. İndi isə, bu layihə haqqında bəzi təfərrüatlar açıqlanıb. Gələcək elektrik krossoveri Alpine GT X-Over adlandırılacaq və bazara 2025-ci ildə çıxacaqdır.

Krossoverin əsasını Nissan Ariya və Renault Megane E-Tech Electric modellərinin də inşa olunduğu CMF-EV platforması təşkil edəcəkdir. Tizerdən də göründüyü kimi, krossover kupeşəkilli siluetə və şayiələrə görə, iki elektrik mühərrikinin təmin etdiyi tam ötürməyə malik olacaqdır.

Alpine GT X-Over modeli Alpine şirkətinin Dyepdəki (Fransa) tarixi zavodunda buraxılacaqdır: bu müəssisə 1969-cu ildən fəaliyyət göstərir və hazırda ortamühərrikli Apline A110 sportkarılarını istehsal edir. Yeri gəlmişkən, bu müəssisənin adı da dəyişddirilib: bu günə qədər Usine Alpine Dieppe Manufacture adı ilə tanınan zavod, artıq şirkətin banisi Jan Redlenin şərəfinə Alpine Dieppe Jean Rédélé adlandırılıb.

Image alt Image alt Image alt Image alt Image alt

Plana əsasən, Alpine brendinin gələcək model cərgəsi üç elektromobildən ibarət olacaqdır. 2024-cü ildə Renault 5 hetçbekinin “qaynar” versiyası, onun ardınca isə, adı çəkilən krossover debüt etməlidir. 2026-cı ildə Lotus şirkəti ilə birlikdə hazırlanan və cari A110 modelini əvəzləyəcək elektrik sportkarı işıq üzü görəcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.