Çinin Geely Holding konserninə məxsus olan Lotus markası Type 132 adlı elektrik superkrossoverinin təqdimatına hazırlaşır. Lotus markasının ilk krossoveri 29 mart tarixində təqdim ediləcəkdir. Bu gün İnternet şəbəkəsində Lotus Type 132 krossoverinin patent təsvirləri peyda olub.

Bu təsvirlər sayəsində Lotus krossoverinin eksteryer dizaynı barədə mülahizə yürütmək olar. Şəkillərdən göründüyü kimi, Type 132 krossoveri Jaguar I-Pace və Audi e-tron Sportback ilə eyni form-faktora malikdir.

Type 132 kupeşəkilli kuzova malik olsa da, kuzovun ön və arxa çıxışları adı çəkilən Jaguar I-Pace modelində olduğundan daha uzundur. Modelin xarakterik xüsusiyyətlərindən biri ön bamperin aşağı hissəsindəki aktiv üçbucaqlı çəpərcikləri olan hava girişidir.

Bu çəpərciklər gərək olduqda açılıb-bağlanırlar. Onlar güc qurğusunun soyudulmasına və ya aerodinamik müqaviməti azaldılmasına xidmət edirlər.  Bundan başqa, krossover damda quraşdırılan lidara malik olacaqdır ki, bu da patent təsvirlərində öz əksini tapıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lotus Type 132 krossoveri Geely tərəfindən hazırlanmış SEA modul platformasında inşa ediləcəkdir.  Bu arxitektura 2998-3100 millimetr arasında təkər bazası olan modellər üçün nəzərdə tutulub və 90-120 kilovat-saatlıq batareyaların quraşdırılmasını ehtiva edir. Type 132 modelinin yürüş ehtiyatının 632 kilometr olacağı gözlənilir.

Qeyri-rəsmi məlumatlara görə, Type 132 krossoveri 600 və 750 at qüvvəli iki tamötürməli modifikasiyada buraxılacaqdır. Belə krossover 100 km/saat həddinə üç saniyəyə sürətlənə bilər. Krossoverin istehsalı Çinin Uxan vilayətindəki yeni Lotus Tech Smart Factory zavodunda yerləşdiriləcəkdir. Zavod ildə 150 min avtomobil buraxmaq potensialına malikdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.