Avstraliya və Boeing tərəfindən yaradılan və icra edilən Airpower Team System layihəsində çox vacib addım atılıb. Gələcəyin Pilotsuz Uçuş Aparatı kimi tanınan Loyal Wingman-ın ilk nüsxəsi Avstraliya Hava Qüvvələrinə təslim edilib. Baş nazir Skott Morrison ölkə üçün tarixi olan hadisəni bütün dünyaya elan edib.
Avstraliya bu aparatlardan 3 ədəd alacaq. Yeni nəsil təyyarələr yüksək imkanlara imkanlara malikdir və müharibə şəraitində pilotların həyatının riskə atılmasının da qarşısını alır. Boeing-in rəsmilərindən Cerad Hares texnologiya ilə süni intellektin birləşərək böyük bir güc yaratdığını bildirib. Amerikanlar Loyal Wingman-ı təkcə Avstraliyaya yox, digər müttəfiq ölkələrin ordularına da verməyi düşünür.
Avstraliya Hava Qüvvələri bu cihazlardan Lockheed Martin F-35A, Boeing F/A-18E/F Süper Hornets, EA-18G Growler, E7-A Wedgetail və P-8A Poseidon kimi təyyarələrlə sinxron şəkildə istifadə etməyi planlaşdırır. Qeyd edək ki, Loyal Wingman F/A-18 Süper Hornet-in 2/3-si ölçülərdə, kokpitsiz qırıcı təyyarə formasında hazırlanıb. Bu yeni PUA bir çox qabaqcıl qırıcı təyyarənin performansını sərgiləyə bilir. Uzunluğu 11.7 metrdir və 3700 km məsafəyə uça bilir.