AMG bölməsi Daimler konserni ilə birlikdə elektromobilliyə istiqamətlənsə də, ancaq daxili yanma mühərriklərindən imtina etməyə tələsmir. Buna görə də hibridlər hələ də gündəmdədir. Bu məqsədlə, AMG bölməsi üçün xüsusi olaraq, yeni E Performance güc qurğusu hazırlanıb və bu gurğunu alan ilk AMG modeli Mercedes-AMG GT 63 S E Performance liftbeki olub. Eyni zamanda, yeni model AMG model xəttindəki ən güclü seriya modelidir.

Kapotun altında əvvəlki GT 63 S modelində quraşdırılan 639 at qüvvəsi və 900 nm fırlanma anı hasil edən 4,0-litlik V8 (M177) biturbo mühərriki yerləşir. Güc qurğusu hdrotransformatorun əvəzinə yaş mufta quraşdırılmış 9-pilləli AMG Speedshift MCT-9G “avtomatı” lə tandemdə çalışır. Bundan başqa, 14 at qüvvəsi əlavə edən startyor-generator da var.

Arxa oxda isə, tərkibinə 204 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən elektrik mühərriki, iki pillələli transmissiya (ikinci pillə 140 km/saatdan sonra qoşulur) və elektron kilidli təkərlərarası differensial daxil olan elektrik modulu quraşdırılıb. Bəli, bir çox istehsalçılar oxşar sxemdən istifadə edir, ancaq Mercedes-Benz şirkəti əlavə olaraq “mexaniki” 4Matic + tam ötürməsini və kardanı qoruyub saxlayıb!

Hibrid rejimdə, kardan daxili yanma mühərrikinin dartma qüvvəsini arxa oxa ötürür. Ancaq bu sxemdən sırf elektrik rejimində (130 km/saata qədər) də istifadə edilə bilər. Arxa təkərlər sürüşərsə, elektronika fırlanma anının bir hissəsini, standart ötürmə qutusu və mərkəzi muftadan istifadə edərək, arxa elektrik mühərrikindən ön oxa ötürə bilər.

Litum-ion dartma batareyası AMG modelləri üçün xüsusi olaraq hazırlanıb. Batareya arxa oxun üstündə yerləşir, 400 volt gərginliklə işləyir, 89 kiloqram ağırlığındadır və 6,1 kilovat-saatlıq tutuma malikdir, lakin yüksək enerji mübadiləsi səviyyəsi ilə öyünə bilər. Nominal rejimdə batareya 70 kilovat ötürür, pik həddində isə bu rəqəm150 kilovata çata bilər - lakin on saniyədən çox olmayaraq.

560 hüceyrənin hər birini əhatə edən qabaqcıl mayeli soyutma sistemi təxminən 45 dərəcəlik iş temperaturunu saxlamağa imkan verir. Batareyanı məişət elektik şəbəkəsindən də doldurmaq olar (giriş nöqtəsi arxa bamperdə yerləşir), eyni zamanda, dörd səviyyəli rekuperasiya sistemi də nəzərdə tutulub ki, səviyyələrdən ən güclüsü 90 kilovat gücə malikdir və “bir pedalla” getməyə imkan verir. Sırf elektrik rejimində qət edilən məsafə cəmi 12 kilometrdir.

Ancaq Mercedes-AMG GT hibridi elektrik rejimində yürüş ehtiyatı ilə deyil, dinamikası ilə heyrətləndirməlidir. Pik rejimdə güc qurğusu 843 at qüvvəsi və “1.400 Nm -dən çox” fırlanma anı hasil edir! Müqayisə üçün, Porsche Panamera Turbo S E-Hybrid modeli 700 at qüvvəsinə və 870 Nm fırlanma anına malikdir. Liftbekin çəkisi hələ açıqlanmayıb, ancaq Mercedes-AMG GT 63 S versiyasının 2.120 kiloqram ağırlığda olduğunu nəzərə alsaq, hibridin təxminən 2,4 ton olacağı gözlənilir.

Hibrid liftbek 100 km/saata sürətlənməyə cəmi 2.9 saniyə sərf edir. Liftbekin sırf benzin versiyasına və hibrid Panamera modelinə isə, 100 km/saata sürətlənməyə 3,2 saniyə tələb olunur. Bununla birlikdə, sonrakı sürətlənmədə AMG hibridi elə də dinamik deyil: 200 km/saata sürətlənmək üçün “on saniyədən az” vaxt tələb olunur. Maksimal sürət 316 km saatdır, yəni GT 63 S versiyasından və Panamera liftbekində olduğundan cəmi 1 km/saat çoxdur.

Hibrid Mercedes-AMG GT 63 S E Performance liftbekinin standart təchizatına adaptiv amortizatorlu pnevmoasqı və karbon-saxsı əyləc mexanizmləri daxildir. Hərəkət elektronikası Electric, Comfgort, Sport, Sport +, Race, yağış üçün Slippery və fərdi şəkildə tənzimlənən Individual rejimlərinə malikdir. Standart olaraq, liftbekin elektrik ötürməsi ilə hərəkətə başladığı Comfort rejimi aktivdir.

Hibrid versiyanın eksteryerindəki fərqlər cüzidir. Ön hava girişlərinin və buraxılış sisteminin çıxış borularının forması bir qədər dəyişdirilib, digər emblemlər (arxada - qırmızı haşiyəli) quraşdırılıb. Diametri 20 və ya 21 düym olan təkər disklərindən seçim etmək mümkündür. Salon dəyişməz qalıb, amma indi sükan çarxında təkcə idarəetmə rejimini dəyişdirmək üçün böyük düymə deyil, həm də rekuperasiyanın intensivliyini tənzimləmək üçün nəzərdə tutulmuş düymələr də var. Mediasisteminin menyusunda əlavə “elektromobil bölmələri” peyda olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

AMG bölməsinin ilk hibridinin təqdimatı sabah işinə başlayacaq Münhen avtosalonunda keçiriləcəkdir. “Bərkgedən” hibrid liftbekin satışlarına ilin sonuna qədər başlanılmalıdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin ilkin məlumata görə, Avropada hibrid liftbek təxminən 200 min avroya başa gələcəkdir. E Performance hibrid sistemi isə, sonradan digər AMG modellərində də quraşdırılacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.