Mini şirkəti orijinal Morris Mini Minor modelinin yaradılmasının 60 illik yubileyinə həsr edilən Mini Cooper S modelinin 60 Years Edition adlı xüsusi modifikasiyasını təqdim edib. Yubiley seriyasından olan hetçbeklərdən cəmi 500 ədəd buraxılacaqdır.
Xüsusi modifikasiya yaşıl British Racing Green rənginə boyanıb, qara rəngli dama və güzgülərin gövdələrinə malik olub. Bundan başqa, hetçbek kapot üzərindəki zolaqlar, xüsusi seriyanın loqotipləri və 17-düymlük ikirəngli təkər diskləri ilə təchiz edilib. “60 years” yazılarınnı ön qanadlarda, dönmə işıqlarının yanında və kandarlarda görmək olar. Eyni zamanda, bu loqotip qapıların ətrafındakı səthə proyeksiya ediləcəkdir.
Xüsusi seriyadan olan avtomobillərin salonu ağ və yaşıl tikişləri olan tünd-qəhvəyi dəri ilə üzlənib. “60 years” loqotiplərinə sükan çarxında və oturacaqlarda da rast gəlmək olar.
Texniki cəhətdən avtomobil dəyişilməz qalır. Hetçbek 197 at qüvvəsi təklif edən 2,0-litrlik turbomühərrik və 7-pilləli iki “yaş” muftası olan robotlaşdırılmış transmissiya ilə təchiz olunur. 100 km/saat həddini Cooper S 6,7 saniyəyə toplayır. Yubiley seriyasından olan avtomobillər Böyük Britaniyada 29990 funt-sterlinqdən başlayan qiymətlərlə satılacaqdır. Avtomobillər mart ayında dilerlərin salonlarında peyda olacaqdırlar.