Keçən il Pebbl-Biçdə keçirilmiş hərracda 48,4 milyon dollara satılan Ferrari 250 GTO modeli dünyanın ən bahalı avtomobili statusunu itirib. Müxtəlif mənbələr yeni rekord barədə məlumat veriblər. Belə ki, adının çəkilməsini istəməyən amerikalı kolleksiyaçı Volkswagen şirkətindən Rolls-Royce 40/50 HP modelinin unikal nüsxəsini satın alıb.
Qeyri-rəsmi olaraq Silver Ghost («Gümüşü Xəyalət») adlandırılmış model 75 milyon dollara satılıb. 60551 şassi nömrəsinə sahib olan avtomobil 1907-ci ildə Rolls-Royce şirkətinin icraçı direktoru Klod Conson üçün inşa edilib. Məhz Klod sayəsində avtomobil Silver Ghost ləqəbini alıb. Conson gümüşü rəngə boyanmış səssiz hərəkət edən avtomobili yaxta ilə müqayisə edərək, ona ləqəb vermək qərarına gəlib və onu «Gümüşü Xəyalət» adlandırıb.
Londonun Barker&Co atelyesinin kuzovuna malik olan avtomobil alındıqdan dərhal sonra, Klod Conson tərəfindən Scottish Reliability Trial etibarlılıq yarışlarına çıxarılıb və Düar kubokunu alıb. Avtomobil heç bir nasazlıq olmadan 14932 mil (24030,73 km) qət edərək rəsmi rekorda imza atıb.
Nəticə ictimaiyyətə məlum olandan sonra, Rolls-Royce 40/50 HP modelini Silver Ghost adlandırmağa başlayıblar. Əslində, hüquqi olaraq bu adı yalnız Klod Consonun AX201 nömrə nişanlı avtomobili daşıya bilərdi. Lakin, avtomobil Klodun sərəncamında çox qalmayıb - bir il sonra onun yeni sahibi peyda olub. 1948-ci ildə avtomobil Rolls-Royce şirkəti tərəfindən satın alınaraq, canlı reklam şəklində bütün dünyanı gəzib. Rolls-Royce şirkətinin avtomobil bölməsinin BMW və Volkswagen şirkətləri arasında bölünməsi zamanı «Gümüşü Xəyalət» Kryudakı zavodla birlikdə Volkswagenşirkətinə qismət olub.
2001-ci ildə isə AX201 Böyük Britaniyada yerləşən P&A Wood atelyesi tərəfindən tamamilə bərpa edilib. «Britaniya tarixində ən əhəmiyyətli avtomobilin» almanlar tərəfindən satılmasının səbəblərini müəyyən etmək çətindir. Rolls-Royce və Bentley markalarının entuziastları klubu avtomobilin «50 milyon dollardan ucuz satılmadığını» bildirsə də, «məsələ ilə yaxından tanış olan şəxslərə» istinad edən başqa mənbələr amerikalı kolleksiyaçının onun üçün 75 milyon dollar ödədiyini iddia edirlər.
İstənilən halda Ferrari 250 GTO modelinin rekordu yenilənib. Lakin, Montereydə keçiriləcək Avtomobil həftəsində baş tutacaq hərraclara bir həftə vaxt qalır. «Gümüşü Xəyalətin» rekordunun da uzun müddət davam gətirməyəcəyi də istisna edilmir.