Dornların yaradılması və istehsalı ilə məşğul olan yapon A.L.I. Technologies Inc. startapı, dünyada ilk seriya aerobaykının satışına başladığını elan edib: uçan aparat 77,7 milyon yenə və ya 680 min dollara satılır ki, bu pula da iki ədəd Rolls-Royce Cullinan modeli almaq olar. Reuters agentliyinin məlumatına görə, yenilik X Turismo Limited Edition adını alıb və onun müştərilərə çatdırılmasına gələn ilin əvvəlində başlanacaqdır.
Aerobayk, əyləşmə cəhətdən motosikli xatırladan altıpərli uçan aparatdır. İki iri pər gövdənin altında yerləşdirilib. Daha dörd pər isə, yan tərəflərdədir ki, bu da şaquli istiqamətdə yüksəlməyə imkan verir. Pərlərin köməyi ilə aertobayk bir neçə metr hündürlükdə havada asılı qala bilir. Eyni zamanda, aparat eniş tirlərinə də malikdir.
Şirkət aerobaykın sınaqları zamanı çəkilmiş videoçarxı da yayımlayıb – görüntülərdə şaquli qalxış, bir neçə metr yüksəklikdə asılıb qalma və geridönmə ilə uçuş göstərilir. Nümayişdə iştirak edən test prototipi qırmızı haşiyələri olan qara rəngə boyanıb. Aerobayk tərkibinə daxili yanma mühərriki və dörd elektromühərrikin daxil olduğu hibrid güc qurğusu ilə hərəkətə gəlir. Hibrid güc qurğusu aerobayka havada 100 km/saat sürətilə hərəkət etməyə imkan verir. Dolu batareya ilə uçuş 30-40 dəqiqə çəkir.
Bu aparatın Yaponiyada qanuni şəkildə istifadəsi məsələsi hələlik açıq qalır. Lakin istehsalçı bu məsələni Yamanasi prefekturasının rəhbərliyi ilə, aparatın fövqaləda hallarda istismar olunmasını müzakirə etmək niyyətidədir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.