Bu günlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda keçirilən birgə təlimlərində Türkiyə istehsalı olan T-129 Atak və T-625 Gökbey helikopterlərinin iştirakı diqqətimi çəkdi. Bu heikopterlərdən birincisi taktiki hücum və kəşfiyyat helikopteri, ikincisi isə nəqliyyat helikopteridir. Əlbəttə ki, oxucularımıza T-129 Atak modelinin daha maraqlı gələcəyini hesab edərək, bu maşın haqqında ətraflı məlumat vermək istəyirəm.
Məlumdur ki, güclü və inkişaf etmiş Hərbi Sənaye Kompleksinə malik olan dövlət xarici təsirlərə qarşı özünü müdafiə etmiş olur. Misal üçün uzağa getmək gərək deyil - F-35 Lightning II ətrafındakı qalmaqal bunun bariz nümunəsidir. Əgər dövlətin ordusunun silahlarının əksər hissəsi xarici istehsaldırsa və günlərin bir günü bu silahları istehsal edən dövlətlə münaqişə yaşanarsa və ya əlaqələr pozularsa, lazım olan silah-sursatı və ehtiyat hissələrini almaq müşkül məsələyə çevrilə bilər. Bu səbəbdən də, Türkiyə özü silahlarını özü yaradıb və özü də istehsal etməyə üstünlük verir.
T-129 Atak
Belə silahlardan biri də ATAK proqramı çərçivəsində yaradılmış T-129 Atak helikopteridir. Qeyd etmək gərəkdir ki, T-129 Atak helikopteri yaradılan zaman Türkiyənin coğrafi və iqlim şəraiti nəzərə alınmışdır. Əslində, T-129 Atak modeli Türkiyə və İtaliya ortaqlığının məhsuludur və onun əsasını AgustaWestland şirkətinin istehsal etdiyi A-129 Mangusta helikopteri təşkil edir. T-129 Atak zahiri cəhətdən italyan helikopterinə bənzəsə də, iki maşın arasında ciddi fərqlər mövcuddur.
Türkiyə Sİlahlı Qüvvələri üçün nəzərdə tutulmuş helikopterin gövdəsində bəzi dəyişikliklər edilmiş, maşın daha güclü mühərrikləri, özünə məxsus silah sistemlərini və avionikanı əldə etmişdir. Helikopterin ilk nüsxəsinin sınaqları 28 sentyabr 2009-cu il tarixində İtaliyanın Qallarate şəhəri yaxınlığında AgustaWestland şirkətinə məxsus poliqonda keçirilmişdir. Bir italyan və bir türk pilot tərəfindən idarə edilən helikopter təxminən yarım saat havada qalaraq, müxtəlif manevrləri həyata keçirdikdən sonra uğurla yerə enmişdir.
A-129 Mangusta
T-129 Atak modelinin güc qurğusu Rolls-Royce və Honeywell şirkətlərinin birgə istehsalı olan iki ədəd LHTEC CTS800-4A mühərrikindən ibarətdir. 278 km/s maksimal sürətə sahib olan helikopter 6,096 m yüksələ bilir. T-129 Atak yaxın hava dəstəyini təmin etmək və çoxməqsədli tapşırıqları yerinə yetirmək üçün iki modifikasiyaya sahibdir. T-129A yaxın hava dəstəyi, T-129B isə çoxməqsədli tapşırıqlar üçün nəzərdə tutulmuşdur.
Yaradılması tarixi
Təxminən 12 illik araşdırmalardan sonra, Türkiyə Müdafiə Sənayesinin İcra Komitəsi 30 mart 2007-ci il tarixində, İtaliyanın AgustaWestland şirkətini ATAK proqramı üzrə tenderin qalibi elan edib. 2007-ci ilin aprel ayında Müdafiə Sənayesi Müstəşarlığı (SSM) Türkiyə Aerokosmik Sənaye (TAI) şirkətinin əsas podratçı olduğunu açıqladı. TAI (hazırda TÜSAŞ) T-129 layihəsində əsas podratçı olmaqla yanaşı, həm də T-129 Atak helikopterinin yeganə istehsalçısıdır. Quru Qoşunları Komandanlığının ehtiyaclarına uyğun olaraq hazırlanacaq 51 ədəd taktiki hücum/kəşfiyyat helikopterinin istehsal proqram üzrə müqavilə 7 sentyabr 2007-ci ildə imzalanıb. 24 iyun 2008-ci ildə qüvvəyə minən layihənin əsas podratçısı TAI, subpodratçıları isə AgustaWestland və ASELSAN şirkətləri təyin edilmışdi. Layihənin müddəti 114 ay olaraq təyin olunmuş və ilk T-129 helikopterinin 60 ay ərzində təhvil verilməsi planlaşdırılırdı.
T-129 Atak
T-129 taktiki hücum helikopterinin istehsalını özündə cəmləşdirən müqavilənin ümumi dəyəri təxminən 3.2 milyard dollar təşkil edirdi. Layihədə TAI-nin ümumi payı 556 milyon, ASELSAN-ın payı 700 milyon, AgustaWestland şirkətinin payı isə 1 milyard 644 milyon ABŞ dolları təşkil edirdi.
Müqaviləyə görə Türkiyə, T-129 layihəsinin əqli mülkiyyət hüquqlarına malik olmaqla yanaşı, bu helikopterlərin üçüncü ölkələrə ixrac etmək hüquqlarını da əldə etmişdi. Atak proqramı maksimum yerli texnologiyaları və istehsalı özündə cəmləşdirən bir layihədir. Bu layihə üzrə hazırlanan T-129 helikopteri 60% yerli məhsul hesab edilir. Qeyd etmək gərəkdir ki, keçirilmiş tender zamanı, Türkiyənin istəklərinin lehinə ən böyük güzəşti məhz AgustaWestland şirkəti təqdim etmişdi.
T-129 Atak
Konstruksiyası
Türkiyə Quru Qoşunları üçün istehsal edilən T-129 helikopterləri 21-ci əsrin ən qabaqcıl avionika sistemləri və silahları ilə təchiz olunur. T-129 Türkiyə Silahlı Qüvvələrinin istismar etdiyi AH-1 Super Cobra helikopterindən daha üstün xüsusiyyətlərə malikdir. Türkiyənin T-129 helikopterinin yeganə istehsalçısı olması, ölkənin aviasiya sənayesi üçün çox vacib addım hesab edilir.
Türkiyənin şərtlərinə uyğun olaraq hazırlanan T-129 modelinin layihələndirilməsi mərhələsi 2009-cu ilin yanvar ayında başa çatıb. Təkmilləşdirilmiş və günün tələblərinə uyğunlaşdırılmış helikopterin P1 adlanan ilk prototipinin uçuş sınaqları 2009-cu ilin sentyabr ayında uğurla həyata keçirilib. Sonradan helikopterin konstruksiyası təkrar gözdən keçirilərək, avionikanın konstruksiyaya inteqrasiyası yoxlanlıb. 2010-cu ildə P2 və P3 prototiplərinin sınaqdan keçirilməsindən sonra, P4 versiyası hərbi sertifikatlaşdırılmaya təqdim olunub. Proqram çərçivəsində hazırlanan son prototip 2011-ci ildə havaya qalxan P5 modeli olub.
T-129 Atak
Helikopter yığışdırılmayan üçdayaqlı şassiyə və 5 pərli vintə sahibdir. T-129 Atak modelinin təchiz edildiyi silah-sursatlar onu böyük üstünlüklər ilə təmin edir. Uçuş heyəti iki nəfərdən ibarətdir: pilotlardan biri idarəetməyə, ikincisi isə silahlara cavabdehdir. Helikopterin idarəetmə orqanları təkrarlanır. Silahlara cavabdeh olan pilot öndə, idarəetməyə cavabdeh olan pilot isə arxada əyləşir.
T-129 Atak modeli, S-70 və AH-64 Apache kimi zərbəyə davamlı olan helikopterlərə məxsus MIL-STD-1290 (Zərbəyə Davamlılıq Standartı) standartına uyğun istehsal edilib. Daxili yanacaq çənləri deşilməyə və çatlamağa qarşı davamlıdır. Mühərriklər iki ayrı hissədə yerləşir və aralarında zirehli bölmə mövcuddur.
T-129 Atak
Helikopterin transmissiyası 12.7 millimetr gülləyə davam gətirir və 30 dəqiqə yağ olmadan çalışa bilər. Vintin pərləri 12.7 millimetrlik güllələrə qarşı ballistik müdafiəyə malikdirlər və 15 santimetr qalınlığında olan ağac budaqlarına çırpılma onlara zərər vermir.
T-129 hücum helikopterinin missiya kompüteri layihənin ən vacib bölməsi hesab olunur. Bu kompüter və proqram təminatı pilotlara rəqəmsal kabindən istifadə edərək naviqasiya, rabitə, elektron mübarizə, hədəf aşkarlanması, platformanın və silahların idarəetmə funksiyalarını həyata keçirməyə imkan verir. Aerodinamik quruluşda edilmiş bəzi dəyişikliklər (burun, yan qanadlar, quyruq pəri və s.) silahların asma nöqtələrinin artırılmasına gətirib çıxarıb.
T-129 Atak
T-129 helikopteri iki ədəd LHTEC CTS800-4 mühərriki ilə təchiz edilir. Mühərrik 35000 saatlıq uçuş resursu ilə seçilir. FADEC (Tam Rəqəmsal Mühərrik İdarəetmə Sistemi) sistemi sayəsində CTS800-4N mühərriki pilotun iş yükünü və mühərrikin istismar xərclərini azaldır.
Avionikası
T-129 helikopteri ASELSAN və TÜBİTAK tərəfindən 2001-ci ildə hazırlanmasına başlanan və 2007-ci ildə müvəffəqiyyətlə tamamlanan orijinal missiya kompüteri ilə təchiz edilir. T-129 helikopteri həm ASELSAN-ın orijinal istehsalı olan ASELFLIR-300T gecə/gündüz termal nişangah və hədəf sistemi, həm də dəbilqəyə quraşdırılan AVCI nişangah sistemi ilə təchiz olunur. Helikopterin rabitə sistemi ASELSAN tərəfindən hazırlanan MXF-484 U/VHF və uzun mənzilli HF-SSB radiostansiyaları ilə təmin edilir. Gələcəkdə bu radiostansiyalar ASELSAN proqramına əsaslanan yeni vasitələrlə əvəzlənməlidirlər.
T-129 Atak
Helikopter ASELSAN istehsalı olan radio-elektron mübarizə (REM) kompleksi ilə təchiz edilir. Bu kompleksə radar xəbərdarlığı sistemi, raket xəbərdarlığı sistemi, lazer xəbərdarlığı sistemi, IR maneə sistemi, "özümün-özgənin" sistemi inteqrasiya edilib. Bu sistemlərin yaradılması, sınaqları və kütləvi istehsalı ASELSAN və onun tabeliyindəki MİKES şirkəti tərəfindən həyata keçirilir. Bunlardan başqa helikopterdə təxminən 40 ədəd digər yerli şirkətin istehsal etdiyi müxtəlif cihazlar da quraşdırılıb.
Modifikasiyaları və silahları
Helikopter yaxın hava dəstəyi və çoxməqsədli missiyalar üçün iki versiyada hazırlanıb. Yaxın hava dəstəyi üçün hazırlanan T129A helikopteri 76 ədəd 70 millimetrlik idarəolunmayan raketlər və 500 ədədlik sursat dəstinə malik olan 20 millimetrlik Gatling topu ilə təchiz edilir. T129B modifikasiyası isə çoxməqsədli tapşırıqları yerinə yetirmək üçün tələb edilən ən müasir elektron döyüş vasitələri ilə təchiz olunur. Helikopterin silah təchizatına 8 ədəd tank əleyhinə idarəolunan UMTAS raketi, 12 ədəd idarəolunan CİRİT raketi, 8 ədəd "hava-hava" tipli STINGER raketi, 76 ədəd idarəolunmayan raket və 500 ədədlik sursat dəstinə malik 20 millimetrlik top daxildir.
T-129 Atak
Helikopterin təchiz edildiyi HYDRA, ÇİRİT və UMTAS raketləri ROKETSAN tərəfindən istehsal edilir. Hava təhdidlərinə qarşı FIM-92 Stinger raketlərinin, yaxın məsafədən edilən hücumlar zamanı isə TM-197 topunun tətbiq edilməsi nəzərdə tutulur.
Hərbi əməliyyatlarda iştirakı
T-129 Atak helikopterindən ilk dəfə, 25 aprel 2015-ci il tarixində Türkiyənin Siir vilayətində PKK terrorçularına qarşı keçirilən anti-terror əməliyyatlarında istifadə olunub.
Taktiki-texniki xüsusiyyətləri
- Heyət: 2 nəfər
- Uzunluğu: 13.64 m
- Yüksəklik: 3.96 m
- Boş ağırlıq: 2,900 kq
- Vintin diametri: 11.90 m
- Maksimum sürət: 278 km/saat
- Maksimum qalxma ağırlığı: 5,000 kq
- Maksimum silah yükü: 1,200 kq
- Qanadlarda olan silah bölmələri: 4 ədəd (hər biri 300 kq)
- Yanacaq çəni: 750 kq
- Maksimum qalxma yüksəkliyi: 6,096 m
- Əməliyyat yükü ilə qalxma səviyyəsi: 3,048 m
- Yüksəkliyə qalxma sürəti: 14 m/s
- Mühərrik: 2 x LHTEC CTS800-4A
- Mühərrikin gücü : 2 x 1361 a.q. (2 x 1014 kW)
- Güc/ağırlıq nisbəti: 550 a.q./ton
- Maksimum havada qalma müddəti: 3 saat
- Maksimum uçuş məsafəsi: 561 km
- Əlavə yanacaq çəni ilə maksimum uçuş məsafəsi: 1000 km