Vaxtı ilə Tesla şirkəti Kaliforniyanın Frimont şəhərindəki yeganə zavoda malik idi. Bu zavod, Tesla tərəfindən satın alınana qədər, Toyota və GM konsernlərinin birgə müəssisəsi idi.
Keçən il amerikan istehsalçısının Şanxaydakı ikinci avtomobil zavodu fəaliyyətə başlayıb. Bu gün isə, Tesla şirkəti Berlin yaxınlığındakı zavodun inşasını davam etdirir. Görünən odur ki, Tesla istehsal müəssisələrinin sayını geometrik silsilə üzrə artırmaq fikrindədir.
Artıq Tesla şirkətinin Texasda yeni zavod tikmək planlarının olduğu məlumdur. Bundan əlavə, İlon Mask hazırda Böyük Britaniya və Oklahoma ştatının hökuməti il danışıqlar aparır. Söhbət bu məkanlardan birini seçməkdə deyil, hər iki məkanda zavod inşa etməkdir.
Nəhayət, dünən İlon Mask Twitter sosial şəbəkəsində - "Çindən kənarda başqa zavod tikəcəksinizmi?", - sualına müsbət cavab verib. Doğrudur, iş adamı, ilk növbədə, Berlin və ABŞ-ın cənub-şərqindəki fabriklərin inşası başa çatmasının vacib olduğunu qeyd edərək, yalnız bundan sonra Asiyadakı yeni fabrikin inşasına başlanacağını söyləyib.