Tesla şirkətinin rəhbəri İlon Mask ABŞ prezidenti Cozef Baydeni kəskin şəkildə tənqid edib. Mask Baydeni “amerikalıları axmaq yeninə qoyan kukla” adlandırıb. Bəs İlon Maskın belə qəzəblənməsinin səbəbi nədir? Sən demə, Tesla rəhbərinin əsəbləşməsinə ölkə başçısının Twitter sosial şəbəkəsindəki yazısı olub. Bu yazıda Bayden elektromobillər istehsal edən amerikan istehsalçılarına tərif yağdırıb. Belə ki, o, General Motors və Ford konsernlərinin nailiyyətlərini qeyd edərək, “yaşıl” bazarın əksər hissəsinə sahib olan Tesla şirkətini “yaddan çıxarıb”.
Cümə axşamı Bayden General Motors konserninin baş direktoru Məri Barra və Ford şirkətinin başçısı Cim Farli ilə görüşüb. Bundan sonra, ABŞ prezidenti öz Twitter hesabındakı videolu tvitində avtomobil sənayesinin “yaşıl” mobillik sahəsindəki nailiyyətlərini müzakirə edib və adı çəkilən şirkətləri elektromobil buraxdıqlarına görə tərifləyib.
Buna cavab olaraq, İlon Mask Baydeni tənqid və təhqir edib: o, ABŞ-da “adı T hərfi ilə başlayıb, A hərfi ilə bitən, və onların arasında ESL yazılan” şirkətin mövcud olduğunu xatırladıb. Sonra iş adamı amerikan liderinin “insan görünüşlü kukla” olduğunu və “amerikalıları axmaq yerinə qoyduğunu” əlavə edib.
Cozef Bayden hələlik İlon Maska cavab verməyib, General Motors və Ford konsernləri də səssizliyi qorumağa davam edirlər. Hər iki konsernin model xəttinin elektrikləşdirilmıəsinə kfayət qədər ciddi sərmayə qoymalarına baxmayaraq, batareyalı avtomobil bazarının lideri Tesla şirkəti olaraq qalır. Keçən il şirkət amerikalılar 302 min Model 3,Y,S və X elektromobillərini sataraq, 2020-ci illə müqayisədə satış rəqəmlərində 38,8% artım göstərib.
Eyni zamanda, cümə axşamı Tesla şirkətinin səhmlərinin qiyməti kəskin şəkildə aşağı düşüb və nəticədə Maskın varidatı 21 milyard dollar və ya 8,8% azalıb. Buna baxmayaraq, Forbes nəşrinə görə, Mask dünyanın ən varlı adamlarından biri olaraq qalır - onun varidatının 221,3 milyard dollar olduğu bildirilir.