Yanvar ayında təqdim olunan yenilənmiş Tesla Model S və Model X elektrokarları hələ də bazar debütü etməyib: istehsala hazırlıq uzandığına görə, satışların başlanması da hər dəfə təxirə salınır.
İlon Mask yenidən 120.000 dollar qiyməti olan üçmühərrikli Tesla Model S Plaid liftbeklərini müştərilərə təhvil verilməsinə başlanacağına söz verib. Bənzər Model X krossoveri daha sonra bazar debütü edəcəkdir. Eyni zamanda, Mask 150.000 dollar qiyməti olan uzunmənzilli Model S Plaid + verisyasının ləğv edildiyini də bildirib.
Plana görə, Plaid və Plaid + modifikasiyaları ümumi gücü 1034 at qüvvəsinə bərabər olan eyni elektrik mühərriklərinə sahib olmalı idi. İki versiya arasındakı fərq isə, artırılmış tutumu olan yeni nəsil dartma batareyasından ibarət idi.
Bu batareya sayəsində Plaid Plus versiyası 840 kilometr məsafə qət etməli idi. Xatırladaq ki, Plaid variantında bu rəqəm 628 kilometr təşkil edir. Bununla birlikdə, uzunmənzilli versiyadan imtinanın səbəblərini açıqlayan Mask, yalnız yeni versiyanın "lazım olmadığını və Plaid versiyasının onsuz da yaxşı olduğunu" xatırladaraq, yürüş məsafəsi barədə heç bir söz deməyib.
Tesla Model S Plaid versiyası 60 mil/saat (97 km/saat) həddinə 1,99 saniyəyə sürətlənir və bu göstəriciyə görə, Plaid + həqiqətən kiçik versiyadan fərqlənməməlidir. Mask, üçmühərrikli Tesla Model S elektrokarının "bütün seriya avtomobillərindən ən sürətlisi olduğunu" da vurğulayıb.
Bununla yalnız 1,85 saniyəlik sürətlənmə vaxtına sahib olan Rimac Nevera kupesi mübahisə edə bilər, lakin tirajı 150 nüsxədən ibarət olacaq elektrokarın qiyməti ən azı iki milyon avro təşkil edir.
Tesla şirkətinin üçmühərrikli elektrokarı isə daha böyük istehsal həcminə sahib olacaqdır. İlk elektrokarların müştərilərə təhvil verilməsi mərasimi 10 iyun tarixində şirkətin Frimontdakı müəssisəsində baş tutacaqdır.
Görünən odur ki, yeni batareyaların şirkətin digər modellərində quraşdırılmasına daha sonra başlanacaqdır.