Tesla şirkətinin model cərgəsinə elektrik miniveni əlavə ediləcəkdir. Amerikan istehsalçısının rəhbəri İlon Mask Twitter sosial şəbəkəsindəki səhifəsində bu barədə açıqlama vermişdir. Adı naməlum olan modelin Model X elektrik krossoverinin platformasında istehsal ediləcəyi də Mask tərəfindən bildirilmişdir.
Bundan əlavə iş adamı dərc etdiyi yazıya yazdığı sərhdə daha bir yeni avtomobilin - Model Y modelinin buraxılacağını təsdiq etmişdir. 2015-ci ilin oktyabrında Mask artıq Tesla şirkətinin bu cür adlı avtomobili istehsal edəcəyini bildirmişdi. Lakin həmin yazı dərc edildikdən dərhal sonra silinmişdir. O zaman, Model Y modelinin Tesla şirkətinin ikinci krossoveri olacağı bildirilmişdi.
Ehtimallara görə, Model Y krossoveri də Model X kimi "şahin qanadları" tipli arxa qapılarla təchiz ediləcəkdir. Bir müddət bundan əvvəl, İlon Mask iyul ayının ortasında anons etdiyi “tamamilə gizli planı” şirkətin rəsmi saytında dərc etmişdir. Verilən xəbərdə Tesla şirkətinin yük avtomobilini və şəhər avtobusunu hazırladığı bildirilmişdir.
Maskın sözlərinə görə hər iki avtomobil gələn il təqdim ediləcəkdir. Təbii haldır ki, həm yük avtomobili, həm də avtobus elektrik güc aqreqatı ilə hərəkətə gələcəkidr. Yük avtomobilin neçə olacağı barədə heç bir məlumat verilməmişdir. Avtobusa gəldikdə isə, Mask onun adi şəhər avtobuslarından bir qədər kiçik olacağını və avtopilotla təchiz edilcəyini bildirmişdir. Kiçik ölçüləri sayəsində avtobus şəhər axınının azaldılmasına xidmət edəcəkdir. Bununla belə, İlon Mask sərnişin avtobusunun tutumunun adi avtobuslardan çox olacağını da bildirmişdir. Bunun üçün Mask avtobusun salonunun quruluşunu yenidən nəzərdən keçirməyi təklif edir. Bundan başqa, amerikalı işadamı elektrik pikapının və yığcam elektrik krossoverinin istehsal ediləcəyini də anons etmişdir. Çox güman ki, o zaman Mask yığcam krossoverdən danışan zaman Model Y avtomobilini nəzərdə tutubmuş.