Bu ilin mart ayında Cenevrə avtosalonunda debüt etmiş Imagine by Kia konseptinin seriya modelinə çevrilmək şansı var. Bu konseptin motivlərinə əsasən yaradılmış elektrik krossoverinin yaxın illərdə debüt edəcəyi ehtimal olunur.
“Hələlik prosesin başlanğıcındayıq, buna baxmayaraq, Imagine by Kia konseptinin motivləri üzrə seriya elektromobilini yaratmaq niyyətindəyik”, - Kia markasının baş dizayneri Lyuk Donkervolke “Auto Express” nəsrinə müsahibəsində bildirib. Bununla belə o, avtomobilin təqdimat tarixini açıqlamayıb.
Kia Imagine konseptini ənənəvi siniflərin çərçivəsinə sığmayan avtomobilə çevirmək niyyətindədir. Buna baxmayaraq, sonunda qarşımızda elektrik kupe-krossoverinin duracağını ehtimal edirik.
“Mən bu layihədə həyata keçirilməsi mümkün olmayan bir şey görmürəm. Bəli, xərclər nöqteyi nəzərindən bir neçə məsələ vardır ki, onlara cavab tapmaq gərəkdir. Qeyd etməliyəm ki, konseptin üzərində seriya istehsalı üçün avtomobillər hazırlamağı bacaran dizaynerlər işləyib”, - Donkervolke dəqiqləşdirib.
Konveyerə doğru yolda konseptin fənərlərin ətrafındakı LED zolaqlardan, “özünəqəsd” qapılardan və çoxsaylı displeylərdən məhrum olacağı məlumdur. Texniki xarakteristikalara gəldikdə isə, yeni elektromobilin Hyundai-Kia tərəfindən hazırlanacaq yeni modul platformasında inşa ediləcəyi güman olunur. Güc qurğuları barədə isə, ümumiyyətlə məlumat mövcud deyildir.