PSA və FCA konsernlərinin birləşdirilməsindən sonra Alfa Romeo markasının rəhbəri təyin olunan Jan-Filipp İmparato, məhsulun keyfiyyətinin yüksəldilməsinə və mənfəətin artırılmasına yönəldilmiş diqqətin, habelə düşünülmüş istehsal planının artıq müsbət nəticə verdiyini bildirib.
O, Automotive News Europe nəşrinə verdiyi müsahibədə, yayılan inancın əksinə olaraq, Alfa Romeo markasının mövcud model çeşidindəki Stelvio krossoverinin və Giulia sedanının keyfiyyətinin alman rəqibləri ilə eyni səviyyədə olduğunu iddia edir.
Buna baxmayaraq, italyan markası hazırda satışlardakı ciddi azalma və yığcam Alfa Romeo Tonale krossoverinin buraxılışının gecikməsi ilə üzləşir – yığcam krossoverin istehsalının başlanması 2022-ci ilin iyun ayına qədər təxirə salınıb.
Jeep Compass və Renegade modellərinin Small Wide 4 × 4 platformasında inşa edilmiş yığcam model, 1,3-litrlik turbomühərrikə əsaslanan 4xe güc qurğusu ilə təchiz edilib, lakin Jan-Filipp İmparato onun xüsusiyyətlərinin italyan markası üçün yetərsiz olduğunu hesab edib və avtomobili yenidən işlənməyə göndərib.
Fransız CMP platformasında inşa edilmiş subkompakt Brennero modeli də qrafikdən geri qalır - onun Polşadakı zavodda istehsalına yalnız 2023-cü ilin aprelində başlanacaqdır.