Məlum olduğu kimi, ingilis milyarderi Cim Retkliiffə məxsus olan Ineos Automotive şirkəti Grenadier ofrouderinin eksteryer dizaynını keçən il açıqlamışdı. Bu gün isə, istehsalçı klassik Land Rover Defender modelinin yeni təfsiri olan brutal avtomobilin, brutallığı eksteryerindən heç də geri qalmayan interyerini nümayiş etdirib. Ofrouderin yaradıcıları interyeri mümkün dərəcədə utilitar etməyə çalışıblar. Buna fiziki düymələrin bolluğu və interyeri şlanqdan yuma imkanı dəlalət edir.
Düymələr və şaybalar ön panelin mərkəzindəki çoxsaylı boltlarla bərkidilmiş konsolda, çoxfunksiyalı sükan çarxında və lyukların arasındakı tavan panelində yerləşirlər. Sürücü tavandakı düymələrin köməyi ilə differensial kilidlərini idarə edə və hərəkət rejimlərini dəyişdirə bilər. Bundan əlavə, düymələr vasitəsi ilə bucurqada və əlavə xarici işıq cihazlarına nəzarət etmək mümkündür - bu funksiyalar üçün istehsalçı "boş" düymələri nəzərdə tutub.
Utilitar interyerdə yeganə müasir görünüşlü element 12.3-düymlük "süzən" sensorlu ekrandır. Grenadier modelinin multimedia sistemi tamamilə müasirdir: sistem Apple CarPlay və Android Auto protokollarını dəstəkləyir və iDrive üslubundakıi "şayba" ilə idarə olunur.
Lakin ofrouderin interyerinin əsas xüsusiyyəti onu şlanqla yuymaq imkanıdır. Rezin döşəmədə drenaj dəlikləri var, oturacaqlar isə asan təmizlənən ləkəyə davamlı parça ilə örtülüblər. Ancaq belə interyeri həddindən artıq brutal hesab edənlər, xalça və dəri tərtibatı sifariş edə bilərlər.
Grenadier modeli BMW mühərrikləri və ZF avtomatik transmissiya ilə təchiz ediləcəkdir. Söhbət, 281 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən altısilindrli benzin, habelə 245 at qüvvəsi və 550 Nm hasil edən dizel mühərrikindən gedir. Ötürmə - azaldıcı cərgəsi olan paylayıcı qutulu tam ötürmə sistemidir. Asqıda Panar qolları olan bütöv körpülərdən istifadə edilir.
Ineos Grenadier ofrouderinə sifarişlərin qəbuluna oktyabr ayında başlanacaqdır. İlk avtomobillər müştərilərə yalnız 2022-ci ilin iyul ayında göndəriləcəklər. İlkin olaraq, beşqapılı versiya, bir qədər sonra isə pikap buraxılacaqdır. Hazırda 130 Grenadier prototipi sınaqdan keçirilir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.