Infiniti şirkətinin ilk elektromobili 2019-cu ildə debüt edəcəkdir. Buna baxmayaraq, istehsalçı asan yolu seçməyib - yəni mövcud olan modellərin birini elektrik ötürməsinə keçirmək niyyətində deyil.
İstehsalçı tamamilə yeni avtomobil yaratmağı planlaşdırır. Bu barədə Autocar dərgisinə, Infiniti markasının sahibi olan Nissan şirkətinin qlobal dizayn üzrə vitse-prezidenti Alfonso Albais məlumat verib.
Infiniti şirkəti yeni nəsil Nissan Leaf modelinin platformasından istifadə etməyəcəkdir. Onun əvəzinə istehsalçı yeni platforma yaradacaqdır. Seriya öncəsi elektromobilin gələn ilin yanvarında keçiriləcək Detroyt avtosalonunda nümayiş etdiriləcəyi ehtimal olunur.
Yayda istehsalçı Prototype 9 adlı konsept avtomobilini nümayiş etdirmişdi. Prototip 150 at qüvvəsi və 320 Nm fırlanma anına malik olan elektromotorla hərəkətə gəlirdi. Klassik yarış avtomobillərini xatırladan arxa çəkişi elektomobil 100 km/saat sürətini 5,5 saniyəyə toplayırdı.