Iri QX60 krossoveri Infiniti markasının model çeşidindəki ən vacib modeldir. Ən vacib bazarlardan sayılan Şimali Amerika bazarında keçən il 23.000 avtomobil satılıb, yapon markasının ümumi satışları isə 80.000 avtomobil təşkil edib.
Bu səbəbdən Infiniti QX70 modeli ilə olduğu kimi istehsalın dayandırılmasından və ya konsepsiyanın dəyişdirilməsindən söhbət gedə bilməz. Üç cərgəli Infiniti QX60 krossoverinin ikinci nəsli sələfi ilə eyni kanonlara uyğun olaraq yaradılmış, lakin alıcıların istəklərinə uyğun olaraq təkmilləşdirilmişdir.
Müştərilərin daha sanballı və klassik dizayn istədikləri məlum olub. Şirkət yeni üslub fəlsəfəsini origami, kimono və yapon mədəniyyətinin digər atributları ilə müqayisə edir, lakin əsas mesaj minimalizm və təmtəraqlı həllərdən imtinadır.
Məsələn, damın S-şəkilli arxa dayaqları keçmişdə qalıb. Kapotdakı çıxıntılar azalıb, qaldırılan pəncərə xətti krossoveri vizual olaraq daha “ağır” edib. Şüşə dam artıq standart avadanlıqdır və yeni QX60 ikirəngli kuzovla təklif edilən ilk Infiniti modelidir.
Rəqəmlərdən danışırıqsa, avtomobilin təkər bazası eyni qalır (2900 millimetr), lakin 30 millimetr (öndə və arxada - 1699 millimetr) genişlənmiş təkər izi və 5 millimetr (170 millimetr) artırılmış klirens avtomobili daha sanballı göstərir.
Avtomobil əvvəlki kimi 20-düymlük təkər diskləri ilə təklif edilir. Aerodinamik müqavimət əmsalı 0,33-dən 0,32-yə endirilib. Krossoverin uzunluğu qısalıb: amerikan spesifikasiyasındakı 5095 millimetrə qarşı 5034 millimetr. Lakin hündürlük 1742-dən 1770 millimetrə qədər artırılıb və bu müştərilərin istəyi ilə edilib.
Daha hündür tavan ikinci və üçüncü sıralardakı oturma geometriyasında dəyişiklik etməyə imkan verib və sərnişinlərin ayaq zonasındakı məkanı genişlədib. İkinci sırada üç nəfərlik divan və ya aralarında böyük konsol olan iki "kapitan" kreslosu quraşdırıla bilər.
İstənilən halda, üçüncü sıraya keçmək üçün, ikinci cərgənin oturacaqları irəli çəkilməli və əyilməlidir. Özü də bu əməliyyatı quraşdırılmış uşaq oturacağı ilə də yerinə yetirmək mümkündür - əlbəttə ki, bu oturacağın boş olması şərti ilə.
Üçüncü sıra hələ də iki nəfərlikdir, baxmayaraq ki, qohum Nissan Pathfinder orada üç sərnişini yerləşdirməyə imkan verir. Ancaq burada məkan daha enli oldu və sol oturacaq Isofix bərkitmə nöqtələri ilə təchiz olunub.
Fərqli əyləşmə geometriyası və azalmış uzunluq baqaj bölümünün həcminə təsir göstərib: üçüncü sıranın arxasındakı bölmə 450-dən 411 litrə (amerikan EPA metoduna görə), arxa sıraların qatlanması halında isə 2146-dan 2135 litrə qədər azalıb. Ancaq orta beş nəfərlik konfiqurasiyada (əslində ən çox istifadə olunan), baqaj bölməsi əksinə daha geniş olub: 1138 litrə qarşı 1178 litr. Üstəlik, döşəmənin altındakı bölmənin həcmi artırılıb (33-dən 54 litrə qədər).
Ön panel daha sanballı olub, panelin üzərində multimedia sisteminin Android Auto və Apple CarPlay tətbiqlərini dəstəkləyən 12,3-düymlük InTouch ekranı quraşdırılıb. Klimat-kontrolun idarəetmə paneli sensorludur və titrəyişli əks əlaqəyə malikdir, temperaturu tənzimləyən fırlanan düymələri isə qorunub-saxlanılıb.
Əsas cihazlar paneli ənənəvi analoq panelidir, daha bahalı versiyalarda 12,3-düymlük virtual cihazlar paneli quraşdırılır. Bundan başqa, 10,8-düymlük proyeksiya ekranı da var.
Səs izolyasiyası yaxşılaşdırılıb, salonda yeddi USB konnektoru quraşdırılıb. Opsiyalar arasında Bose səs sistemi, üç zonalı klimat-kontrol və arxa kameradan görüntünün ötürüldüyü salon güzgüsü var.
Yeni top versiya Autograph adlanır, bahalı yarı anilin dərisi ilə örtülmü birinci və ikinci sıranın oturacaqlarına malikdir. İnteryer tərtibatında ağac şponundan istifadə olunur, ön oturacaqlar üçproqramlı masaj funksiyası ilə təchiz olunur.
Birbaşa püskürtməli 3,5-litrlik V6 benzin mühərriki əvvəlki kimi 299 at qüvvəsi və 366 Nm fırlanma anı hasil edir. Ancaq Nissan Pathfinder modelində olduğu kimi, variator klassik doqquz pilləli “avtomat” ilə əvəz olunub.
Üstəlik, Infiniti modelində transmissiya titrəmələri azaldan aktiv dayaqlar ilə təchiz olunub. Ötürmələr qutusunun dəyişdirilməsi yedəyə alınan qoşqunun icazə verilən çəkisini 20% artıraraq 2,7 tona catdırmağa imkan verib. Yeni QX60 modeli hərəkət elektronikasının beş rejimi var - Standard, Eco, Sport, Winter Snow və tənzimlənən Personal.
Amerikada ənənəvi olaraq öndən ötürməli versiyalar mövcuddur, tam ötürmə sistemi isə əlavə ödənişlə təklif olunur: ikinci nəsil QX60 modeli əvvəlkindən daha yeyin işləyən arxa oxu qoşan muftaya sahib olub. Yaylə asqısı olan şassi (öndə McPherson, arxada çoxqollu) əsaslı şəkildə dəyişməyib, lakin daha böyük əyləc disklərini alıb.
Daha bahalı versiyalarda ProPilot Assist sistemi, yəni zolaq saxlama funksiyası olan adaptiv kruiz-kontrol quraşdırılır. Elektronika, dayanma müddəti 30 saniyəni keçmədiyi təqdirdə, avtomobili dayandıra və avtomatik olaraq hərəkəti bərpa edə bilər.
Bundan başqa, PriPilot sistemi döngədən öncə və ya sürət məhdudiyyətinin azaldılması halında, əvvəlcədən yavaşlamaq üçün naviqatordan istifadə edir.
İkinci nəsil Infiniti QX60 modelinin ABŞ bazarındakı satışlarına 2021-ci ilin sonuna qədər başlanacaqdır.