İnfiniti şirkəti Pekində baş tutacaq avtomobil sərgisində nümayiş etdirmək üçün yeni QX Sport İnspiration adlı konsept hazırlamışdır. Artıq bu konseptin orta ölçülü krossoverin olacağı da məlumdur. İnfiniti QX Sport İnspiration prototipinin eksteryeri yapon markasının dizayn üslubu olan «Powerful Elegance» üslubunda hazırlanmışdır. Dərc edilmiş ilk tizerdən də göründüyü kimi, krossover tamamilə işıq diodlarından hazırlanmış ön fənərlərə və ənənəvi arxa görüntü güzgülərini əvəz edən kameralarla təchiz edilmişdir.
Prototipin kuzovunun ön hissəsinin dizaynı 2015-ci ildə Detroyt avtosalonunda nümayiş etdirilmiş İnfiniti Q60 Concept konseptual kupesindən götürülmüşdür. Güman edilir ki, İnfiniti QX Sport İnspiration QX50 krossoverinin növbəti nəslinin carçısı olacaqdır. Sonincu dəfə QX50 modeli 2015-ci ildə yenilənməyə məruz qalmış və uzadılmış təkər bazasını əldə etmişdi. Digər bir mülahizəyə görə, QX Sport İnspiration yeni nəsil QX70 krossoveri haqqında təssəvvür yaratmaqla vəzifələndirilmişdir. Güman edilir ki, avtomobilin seriya variantı 2017-ci ildə debüt edəcəkdir.
Yeni konsept haqqında ətraflı məlumat, onun 25 aprel tarixində Pekində baş tutacaq rəsmi təqdimatından sonra dərc ediləcəkdir.