Bir müddət bundan öncə İnfiniti şirkəti QX Sport İnspiration konseptini Pekində nümayiş etdirəcəyini bildirmiş və onun tizerini dərc etmişdir. Bu gün yapon şirkəti konsept üzərində sirr pərdəsini qaldırmışdır. Prototipin eksteryeri «Powerful Elegance» dizayn fəlsəfəsinin sonuncu təfsirindən istifadə edilərək yaradılmışdır. Yaponların dediyinə görə, İnfiniti QX Sport Inspiration konsepti tamamilə yeni orta ölçülü krossoverin carçısı olacaqdır. Yeni konseptin qabarit uzunluğu 4600 millimetr, eni - 1900 millimetr, hündürlüyü - 1650 millimetr təşkil edir. Avtomobilin təkər bazası 2800 millimetrə, klirensi isə 230 millimetrə bərabərdir.
Konseptual avtomobil kuzovun qabarıq xəttləri, güclü təkər tağları, dəbli işıq diodlarından hazırlanmış fənərləri və bu markanın digər konseptlərində müşahidə etdiyimiz radiator barmaqlığı, həmçinin xrom işləmələri və böyük İnfiniti loqotipləri ilə seçilir.
İnfiniti QX Sport İnspiration Concept avtomobili ənənəvi güzgülərdən məhrumdur və onları müəsir videokameralar əvəz etmişdir.
Eyni zamanda, avtomobildə adət etdiyimiz qapı dəstəkləri yoxdur. İri təkər tağlarının içində maraqlı dizaynı olan təkər diskləri yerləşdirilmişdir. Bundan əlavə, konsept panoram tavan və səsboğucu sisteminin iri boruları ilə təchiz edilmişdir. Avtomobilin interyeri də maraqlı üslubda dizayn edilmişdir.
Futuristik interyerin diqqət çəkən elementlərindən biri də rəqəmsal cihazlar paneli və yeni nəsil məlumat-əyləncə kompleksidir. Bu kompleksin sensorlu ekranları sayəsində konseptin bir çox sistemlərini idarə etmək olar. Digər diqqət çəkən məqam isə, idman tipli sükan çarxı və yüngülləşdirilmiş oturacaqlardır. Bundan başqa, interyerin «almaz bucaqları» üslubunda yaradılmış unikal tərtibatını da qeyd etmək olar.
Təəssüf ki, yapon istehsalçı avtomobilin texniki xarakteristikaları barədə məlumat verməkdən imtina etmişdir. Çox güman ki, prototip son zamanlar dəbdə olan hibrid güc aqreqatı ilə təchiz edilir.