Infiniti markasının model xəttində QX55 adlı yeni modelin debüt edəcəyi artıq məlumdur. Bir müddət bundan öncə, yapon istehsalçısı yeni modelin ilk tizerini də dərc etmişdi. Birinci nəsil Infiniti FX modelinin üslubunda dam xəttinə malik olacaq kupe-krossoverin debütü 11 noyabr tarixində baş tutacaqdır.
Bu günlərdə Infiniti şirkəti yeni modelin növbəti tizerini dərc edib. Infiniti Motor Company şirkətinin idarə heyəti sədrinin vəzifəsini icra edən Mayk Kolleranın sözlərinə görə, "Infiniti QX55 avtomobil sənayesinin ən sürətlə inkişaf edən seqmentidə mərkəzi yerlərdən birini alacaq və müştərilər kupeşəkilli dam xəttinə malik olan dizaynı layiqincə qiymətləndirəcəklər".
Infiniti QX55 modelini FX krossoverinin varisi saymaq düzgün olmazdı – birincisi, ölçülərinə görə yeni model FX-dən daha kiçikdir. İkincisi isə, QX mühərriki köndələn yerləşən və əsasən öndən çəkişli arxitekturada inşa ediləcəkdir. Xatırladaq ki, Infiniti FX modelində mühərrik uzununa yerləşən və arxa çəkişli arxitektura tətbiq edilmişdi.
BMW X4 və Mercedes-Benz GLC modelləri ilə rəqbaət aparacaq yeni kupe-krossun 270 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik, avtomatik transmissiya, həmçinin ön və tam ötürmə ilə təchiz ediləcəyi gözlənilir.