Nissan uzun sürən böhran içindədir və bu, istər-istəməz onun premium bölməsi olan Infiniti şirkətinə də öz təsirini göstərir. Artıq bu brend altında buraxılan heç bir sedan və ya kupe qalmayıb, ilin sonunda isə, orta ölçülü QX50 və QX55 krossoverlərinin istehsalı dayandırılacaq. Odur ki, çeşiddə cəmi iki model qalacaq: bu yaxınlarda restaylinq keçmiş iri Infiniti QX60 krossoveri və Infiniti QX80 flaqman ofrouderi. Şirkətə təcili olaraq çeşidini genişləndirmək gərəkdir və bu gün yeni modelin carçısı nümayiş etdirilib.

Infiniti QX65 Monograph konsepti QX60 modelinə əsaslanan kupeşəkilli seriya krossoverinin xəbərçisidir. Üstəlik, belə bir avtomobilin əsas ideyası - 2002-ci ildən 2017-ci ilə qədər buraxılmış xarizmatik Infiniti FX modeli ilə vizual oxşarlıqdır. Yan şüşələrin konturları, damın forması, beşinci qapının meyli və arxa tərəfin ümumi dizaynı doğrudan da təqaüdə göndərilmiş FX modelindən götürülüb. Qeyd etmək gərəkdir ki, Infiniti FX birbaşa varisə malik deyil.

Amma kupeşəkilli QX65 Monograph konsepti QX60 modelindən təkcə damın formasına görə fərqlənmir. Ön dizayn da yenidən işlənib: ikimərtəbəli optika və genişləndirilmiş radiator barmaqlığı xüsusi olaraq idman obrazlı krossover üçün hazırlanıb. Dekora da yenidən baxılıb, orijinal 22-düymlük disklər quraşdırılıb. Salonda (hələlik interyerin şəkli dərc edilməyib), əlbəttə ki, üç deyil, yalnız iki oturacaq cərgəsi olacaq.

Texniki məlumat da dərc edilməyib. Lakin QX65 modelinin eninə quraşdırılmış 2.0 VC-Turbo turbomühərriki (272 at qüvvəsi) və doqquz pilləli “avtomat” ilə təklif olunan QX60 krossoverindən fərqlənməyəcəyi güman edilir. Ötürmə - ön oxa və ya hər iki oxa ola bilər. 3,5-litrlik V6 atmosfer mühərriki hələ keçən il çeşiddən çıxarılıb və onun kupeşəkilli model üçün geri qaytarılması ehtimalı azdır.
Infiniti QX65 seriya krossoverinin debütü (Monograph prefiksi və bəzi dekor olmadan) bir neçə aydan sonra baş tutmalıdır. Onun istehsalına gələn ilin əvvəlində başlanmalıdır. Bütün təfərrüatlar həmin zaman açıqlanacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.