İddialı açıqlamanın müəllifli Jaguar markasından olan avtomobilərin təkmilləşdirilməsi üzrə ixtisaslaşmış Lister firmasıdır.
1954-cü ildə avtomobil idmanında çıxış etmək üçün yaradılmış şirkət, indi Jaguar avtomobillərini təkmilləşdirməklə məşğuldur. Görünən odur ki, şirkət rəhbərliyinin ambisiyaları daha böyükdür. Beləliklə, Lister şirkəti Stealth adlı yeni modelin videotizerini yayaraq, onun dünyanın ən sürətli krossoveri olacağına söz verib.
Lister LFP
Gələcək superkrossoverin görünüşünün bəzi təfərrüatlarına əlavə olaraq, ingilislər qısa çarxda, avtomobilin təchiz edildiyi 5.0-litrlik kompressorlu V8 mühərrikinin səsini də nümayiş etdiriblər. Əslində, Lister şirkəti krossoverin inşasına 2018-ci ildə başlayıb və hətta, o zaman mühərrikin gücünün 670 at qüvvəsindən çox ola biləcəyini söyləmişdilər. Lakin, əvvəllər avtomobil Lister LFP adlanırdı.
Lister Stealth modelinin 200 mil/saat və ya 322 km/saat həddini aşa biləcəyi iddia edilir. Beləliklə, Lister krossoveri maksimal sürət həddinə görə, təkcə Lamborghini Urus (305 km/saat) modelini deyil, həm də italyan krossoverindən 1 km/saat sürətli olan Bentley Bentayga Speed modelini də üstələməlidir. Stealth modelinin 100 km/saat həddinə qədər sürətlənməsinə təxminən 3,5 saniyə gərək olacaqdır. Bu göstəriciyə görə, onu Porsche 911 Carrera 4S ilə müsqayisə etmək olar.
Təkmilləşdirilmiş mühərriklə yanaşı, Jaguar F-Pace modelinin əsasında inşa olunan Lister Stealth karbon dekoru və şirkət loqotipləri ilə bol olan daha aqressiv bir görünüşə sahib olacaqdır. Krossoverin şərti seriya statusunu 250 nüsxəlik buraxılış tirajı təmin etməlidir.
Ancaq, Lister şirkətinin bu iddialı avtomobili nə zaman tamamilə ortaya çıxarıb, istehsalına başlayacağı bəlli deyil: şirkətin rəhbəri Lourens Uittakerin sözlərinə görə, şirkət təqdimatı layiqli şəkildə keçirmək üçün, koronavirus karantininin götürülməsini gözləyir.