Nümayəndəlik avtomobilləri seqmentində rəqiblərinə nümunə olacaq yeni lider və etalon debüt edib. Bəli, Mercedes-Benz şirkətinin yeni flaqmanı - S-Class modelinin yeni nəsli təqdim edilib. Xatırladaq ki, əvvəlki flaqman sedanı Çox uğurlu olub: yeddi il ərzində alman markasının bayraqdarı 500 mindən çox nüsxədə istehsal olunub. W223 seriyasından olan yeni S-Class ən qabaqcıl texnologiyaları ilə öyünə bilər. Ədalət xatirinə desək, bəzi yeniliklər yeni flaqmana sinif yoldaşlarından daha gec çatıb.
Yeni Mercedes-Benz S-Clas modelinin dizaynı yüzdə yüz tanınan olaraq qalıb. Bununla birlikdə, baş dizayner Qorden Vaqenerin başçılıq etdiyi qrup bir sıra qeyri-adi həll yollarını tətbiq etməkdən çəkinməyib. Məsələn, götürək arxa fənərlərin "üçbucaqlı" formasını.
Qeyd etmək lazımdır ki, yeni S-Class modelinin cəsus şəkilləri peyda olan zaman, ən çox mübahisə doğuran element məhz arxa işıq texnikası olub. Yaxud, digər Maraqlı bir element - yeni S-Class geri çəkilə bilən qapı tutacaqlarına malik olan ilk Mercedes-Benz avtomobildir. Bununla belə, dizaynerlər yan güzgüləri kameralara əvəzləmə cəsarət etməyiblər. Ancaq bunlarla belə, sedanın çox aşağı müqavimət əmsalına malikdir: Cx = 0.22.
Məlum məsələdir ki, avtomobilin ölçüləri xeyli böyüyüb. Baza sedanının qabarit uzunluğu 5.210 millimetr təşkil edir. Bu, yeni sedanın sələfindən 94 millimetr olduğu anlamına gəlir. Lakin, daha Maraqlı bir fakt mövcuddur: yeni standart S-class sedanı, əvvəlki W221 seriyasından olan uzunbazalı sedanından cəmi 20 millimetr qısadır!
Uzunbazalı W223 sedanının uzunluğu 5320 millimetrdir. Təkər bazası müvafiq olaraq 3106 və 3216 millimetr təşkil edir. Yeni modelin eni 1954 millimetr, hündürlüyü isə 1503 millimetrdir, müvafiq olaraq yeni S-Class sələfindən 55 millimetr enli və 9 millimetr hündürdür.
Əsas inqilab salonda baş verib. Xatırladaq ki, əvvəlki nəsil Mercedes-Benz S-Class cihazlar paneli ilə multimedia sisteminin displeyinin vahid panel altında birləşməsini alan ilk Mercedes olub. Yeni sedan tamamilə başqa ön panel arxitekturasına sahibdir: 12,3-düymlük virtual cihazlar paneli və multimedia sisteminin ekranı artıq ayrıdırlar.
İkinci nəsil MBUX multimedia sistemi mərkəz konsolu tamamilə əvəz edən 12,8-düymlük şaquli sensorlu ekrana sahib olub. Avtomobilin əyləncə sistemlərinin, mikroiqliminin və digər funksiyalarının idarə edilməsi bu displey vasitəsi ilə həyata keçirilir - nəticədə S-Class sedanının salonundan 27 fiziki düyməni yoxa çıxıb.
Böyük ehtimalla, flaqmandan sonra bənzər ekranı bir neçə yeni Mercedes-Benz modeli də əldə edəcəkdir, lakin bu, kütləvi xarakter almayacaqdır. MBUX sisteminin onlayn imkanlar çox genişdir: məsələn, Çində birbaşa salondan yemək və ya aviabilet sifariş etmək olar.
İnteryerdəki ekranların ümumi sayı altıya çatıb. Cihazlar paneli və multimedia sisteminin ekranından başqa, arxa sıradakı sərnişinlər üçün iki ekran, mərkəzi dirsəkaltında olan kiçik taçpad (onu yuvadan çıxarıb ayrıca cihaz kimi istifadə etmək olar) və sürücünün qarşısında proyeksiya ekranı mövcuddur.
Daha bahalı versiya Tamamlanmış reallıq texnologiyasına sahib olan proyeksiya ekranı ilə təchiz edilir ki, bu zaman alın şüşəsinə, yoldakı vəziyyəti nəzərə almaqla naviqasiya sisteminin göstərişləri real vaxt rejimində proyeksiya olunur.
Ətraf mühitin işıqlandırılması indi insanların avtomobillə qarşılıqlı əlaqəsində mühüm rol oynayır. İşıqlandırma bütün oturacaqların arxa hissəsini əhatə edir, ön panel və qapılardan keçərək vahid işıqlandırılan məkanı yaradır.
İşıqlandırma sistemindəki hər bir 16 millimetrlik blok 250 LED elementindən ibarətdir. Salonun müəyyən hissəsində temperaturun dəyişməsi işıqlandırmanın rənginin dəyişməsi ilə müşayət olunur, göyərtədəki köməkçinin danışığı rənglər ilə vizuallaşdırılır, qəfil əyləcləmə və ya zolaqda saxlama sistemi işə düşdükdə, həmçinin qapı açılarkən təhlükəli şəkildə yaxınlaşan avtomobil və ya velosipedçi olduqda, qırmızı işıqla xəbərdarlıq edilir.
Parlaqlığın on dəfə artırılması sayəsində ətraf işıqlandırılması günün işıqlı vaxtlarında da görünür.
Yeni arxa oturacaqlar daha çox tənzimləmələri və təkmilləşdirilmiş masaj sistemi təklif edirlər. Seçmək üçün beş variantda oturacaq mövcuddur: bunlara üçnəfərlik divan, çıxarılan ottoman dayağı və boyunun qızdırılması funksiyası olan fərdi kreslolar daxildir. Sonuncular, məlum məsələdir ki, opsiyadırlar.
Ən qabaqcıl oturacaqların hər birində yastıq və kürək hissəsinin formasını sərnişinin bədən quruluşuna uyğunlaşdırmaq üçün 19 elektrik mühərriki var. İki zonalı standart iqlimə nəzarət sistemi hava axını tənzimləmək üçün 17 addım mühərrikinə malikdir. Dörd zonalı iqlimə nəzarət sisteminə isə, arxa hissə üçün daha 20 mühərrik əlavə edilib. Yeni sedanın baqaj bölümünün həcmi 20 litr artaraq 550 litrə bərabər olub.
S-Class sedanı klassik quruluşa malik olan modul platformasının yeni versiyası üzərində inşa edilib. Sonradan bu platforma digər iri Mercedes-Benz modellərinə də qismət olacaqdır. Platformanın əsas xüsusiyyətlərindən biri unifikasiya olunmuş qurğu və komponentlərdən istifadənin genişləndirilməsidir. İki versiyada olan tam idarələnən şassi də peyda olub. Birinci halda, elektrik aktuatorları arxa təkərləri 4,5 dərəcəyə qədər,
ikinci halda isə 10 dərəcəyə qədər döndərirlər. Bu, həqiqətən böyük bir kəmiyyətdir və nəticədə dönmə diametrinin iki metrə qədər azaldılmasına nail olunub: hətta uzunbazalı versiyası 11 metrlik diametri olan məkanda geriyə dönməyi bacarır! Eyni zamanda, 60 km/saat həddindən yuxarı sürətlərdə arxa təkərlər əks istiqamətdə deyil, ön tərəfdəkilərlə eyni istiqamətdə dönür - bu, sabitliyi artırmağa xidmət edir.
Yeni Mercedes-Benz S-Class sedanı standart olaraq adi pnevmatik asqı, əlavə ödənişlə isə, 48 voltluq elektrik sistemindən qidalanan və hər təkəri ayrı-ayrılıqda idarə edə bilən aktiv hidropnematik E-Active Body Control asqısı ilə təchiz edilir.
Belə bir asqı ilk dəfə GLE krossoverində debüt edib, lakin yeni sedanda asqı yalnız rahatlığa cavabdeh deyil: Pre-Safe Impulse Side kompleksi ilə birlikdə, yandan toqquşma təhlükəsi aşkar edildikdə, toqquşmaya bir saniyə qalmış sistem kuzovu 80 millimetr qaldırır və beləliklə sərnişinlərin yaralanması riskini azaldır.
Yeni S-Class altısilindrli sıralı mühərriklər ilə təchiz edilmiş bir neçə modifikasiyada debüt edib. Mercedes-Benz S 350 d modeli 286 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 2,9-litrlik turbodizellə təchiz olunur, üstəlik həm arxa, həm də tam ötürmə ilə təklif olunan yeganə versiyadır. Bütün digər modifikasiyalar tamötürməlidirlər. S 400 d modifikasiyasında, eyni turbodizel 330 at qüvvəsi və 700 Nm hasil edir.
Mercedes-Benz S 450 modeli 367 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik benzin turbomühərriki, S 500 modifikasiyasında isə, eyni mühərrik 435 at qüvvəsi və 520 Nm təklif edir. Əlavə olaraq, benzin mühərrikli modifikasiyalar 22 at qüvvəsi və 250 Nm fırlanma anı təmin edən 48 voltluq EQ Boost startyor-generator ilə təchiz edilirlər. Bütün mühərriklər doqquz pilləli 9G-Tronic "avtomatı" ilə tandemdə çalışırlar.
Sonradan, S-Class modelinin çeşidi V8 mühərriki ilə təchiz edilmiş modifikasiyalar və elektrik ötürməsi ilə 100 kilometrə qədər məsafə qət etmək iqtidarında olan yenidən doldurulan hibrid ilə tamamlanacaqdır. Dördsilindrli versiyalar yalnız Çin kimi spesifik bazarlarda təklif ediləcəkdirlər. Ən əsası isə, Mercedes-Benz S-Class V12 mühərrikini də qoruyacaqdır!
Döğrudur, Daimler yeni aqreqatın yaradılmasında imtina edərək, mövcud olan mühərriki saxlayıb. Bu cür mühərriklər yalnız Maybach və Guard versiyalarında, özü də ilk dəfə, tam ötürmə sistemi ilə birlikdə quraşdırılacaqdır. Ancaq 12 silindrli Mercedes-AMG S 65 modeli, eyni zamanda, kupe və kabriolet artıq təklif edilməyəcəkdirlər. 2021-ci ilin ikinci yarısında S-Class modelinin avadanlıq siyahısına Drive Pilot sistemi, yəni magistral avtopilotu daxil ediləcəkdir.
W223 seriyasından olan model Zindelfingendəki yeni Factory 56 zavodunda istehsal olunan ilk avtomobil olacaqdır. Zavodun inşasına 2018-ci ilin fevralında başlanıb və onun. tikintisinə 2,1 milyard avro xərclənib. Mercedes-Benz şirkətinin yeni zavodunun başlıca cəhəti ənənəvi konveyerdən imtina edilməsidir.
Onun funksiyalarını TecLines adlandırılmış avtonom nəqliyyat platformaları icra edir: avtomobilin konveyerdə hərəkət etmək əvəzinə müəyyən müddət bir yerdə qalır. Bu yanaşma binaları rekonstruksiya etmədən yığım xəttlərini artırmağa imkan verir.
Factory 56 zavodunda bütün əməliyyatlar avtomatlaşdırılacaq, meydança isə kağızsız sənəd dövriyyəsinə keçiriləcəkdir. Gərək olan komponentləri yığım xəttinə çatdırmaq üçün intellektual çatdırılma sisteminə birləşdirilmiş arabalardan istifadə ediləcəkdir.
Sistem müəssisənin fəaliyyəti barədə bütün məlumatı toplayaraq, lazım olan materialları müvafiq zonalara çatdıracaqdır. Factory 56 zavodunda 300 avtonom nəqliyyat sistemi çalışacaqdır. İstehsalın sentyabr ayında başlaması planlaşdırılır. 2021-ci ildə bu zavodda Mercedes-Benz EQS nümayəndəlik elektromobillərinin yığılmasına başlanacaqdır.
Almaniyada yeni Mercedes-Benz S-Class modelinə sifarişlər sentyabr ayının ortalarından etibarən qəbul ediləcəkdir. İlk avtomobillər dekabr ayında diler mərkəzlərinə çatdırılacaqdırlar. Bayraqdar sedan digər bazarlarda 2021-ci ilin əvvəlində devüt etməlidir.