Toyota (və onun tərkibinə daxil olan markalar) şirkəti 2020-ci ildə 9,53 milyon yeni avtomobil satıb ki, bu da 2019-cu ildə olduğundan 11,3% azdır. Bloomberg agentliyinin verdiyi xəbər əsasən, Toyota konserni bu nəticə sayəsində Volkswagen konsernini keçib və dünyanın ən böyük avtomobil şirkətləri sıralamasına başçılıq edir.
Müqayisə üçün, Volkswagen keçən il 9,305 milyon avtomobil satıb ki, bu da 2019-cu illə müqayisədə 15,2% azdır. Bloomberg agentliyinin bildirdiyinə görə, koronavirus pandemiyası, alman markasının xüsusilə də Avropa bazarındakı satışlarına ciddi şəkildə təsir göstərib. Eyni zamanda, Yaponiya və Asiya bölgəsi, Avropa və ABŞ-a nisbətən, pandemiyadan daha az zərər görüb ki, bu da Toyota konserninə satışlarda irəli çıxmağa imkan verib.
Toyota şirkətinin yayımladığı hesabatdan belə çıxır ki, qlobal avtomobil satışları son 9 ildə, konsernin bütün markalarının avtomobillərinin (Daihatsu və Hino da daxil olmaqla) isə son 5 ildə ilk dəfə azalıb. Qeyd etmək gərəkdir ki, Yaponiya xaricindəki avtomobil satışları daha ciddi şəkildə azalıb və 7,37 milyon ədəd (- 12,3%) təşkil edib. Məsələn, Latın Amerikası bazarlarında Toyota markasının satışları 31,2%, İndoneziyada isə 44,7% azalıb. Rusiyada Toyota avtomobilləri və onun törəmə şirkətlərinin məhsullarına olan tələb 10,5% azalaraq 114 min avtomobil təşkil edib.
Volkswagen kponserninə gəldikdə isə, alman şirkəti 2016-cı ildən 2019-cu ilə qədər ən böyük avtomobil istehsalçıları reytinqinə liderlik edib.