Citroen pilotu Kris Mik İspaniya Rallisində qalib gələrək bu mövsümdə ikinci, karyerasında isə beşinci qələbəsini əldə edib.

İrlandiyalı Kataloniyada keçən rallidə liderliyi şənbə günü günorta ələ keçirmiş və sonrakı doplarda Sebastyen Ojye ilə olan fərqi açmağa başlamışdı. Bu gün keçirilən altı xüsusi hissədən beşində qalib gələn Mik, üstünlüyünü 28 saniyə çıxararaq qələbəni təmin edib. Nəzərə alsaq ki, mart ayında keçirilmiş Meksika Rallisindəki qələbəsindən sonra Kris səkkiz yarışın ikisində finiş görmüş və Polşa Rallisində iştirakdan məhrum edilmişdi,

İspaniyada əldə etdiyi nəticəni həqiqətən də görkəmli nəticə adlandırmaq olar. 

«Əla həftəsonudur. Sənin neçə dəfə yıxılmağının mənası yoxdur, əsas yıxıldıqdan sonra ayağa qalxmaqdır! Karyeram boyu bir neçə dəfə yıxılıb-qalxmalı olmuşam, - Mik söyləyib. - Biz avtomobilimizin asfalt trassalarda əla formada olduğunu bilirdik. Bu da onun əyani sübutudur. Bu qələbə komandaya daha inamlı olmağa yardım edəcəkdir». Sebastyen Ojye isə, son dörd mərhələdə olduğu kimi qələbə qazana bilməyib. Lakin, fransız həftəsonunun nəticələrindən məmnundur. İkinci yer və bonus xüsusi hissəsində əldə etdiyi xallar, həmçinin Tyerri Nevilin yarışdan kənar qalması, ona çempionatda Nevillə olan fərqi 38 xala çıxarmağa imkan verib. 

Qalan iki mərhələdə 60 xal bölüşdürüləcəkdir. İstənilən halda, fransız Avstraliyadakı mərhələyə pilotlar birinciliyinin lideri olaraq qatılacaqdır. 

«Biz bu həftəsonu əla çıxış etdik, baxmayaraq ki, yarışmaq elə də asan olmadı, - Ojye bildirib. - Əla keçən cümə günündən sonra asfalt hissəsində problemlərlə üzləşsək də, sonradan ritmə uyğunlaşa bildik. Bonus xüsusi hissəsi də daxil olmaqla, vacib xalları qazandıq. Hər şey yaxşıdır!». Həftəsonu boyunca M-Sport komandasının eston pilotu Ott Tyanak titullu komanda yoldaşını yaxından təqib etsə də, onu keçə bilməyib. Finişdə iki komanda yoldaşını beş saniyə ayırıb.

Tyanak İspaniyadakı üçüncü yeri sayəsində Nevili bir xal qabaqlayaraq pilotlar birinciliyində ikinci yerə yüksəlib. Beləliklə, mövsümün bitməsinə iki yarış qalmış özəl M-Sport komandasının pilotları ümumi birinciliyə başçılıq edirlər.

Komanda birinciliyində isə Malkolm Uilsonun yetirmələrinə dörd xal qazanmaq kifayət edir ki, çempionatdakı qələbələrini rəsmiləşdirsinlər. 

İspaniya Rallisində dördüncü yeri, finişə qədər gəlib çatan yeganə Toyota avtomobilinin pilotu Yuho Hanninen tutub.

Yari-Matti Latvala cümə günü texniki problemlər üzündən yarışdan kənar qalmış, Esappeka Lappi isə, bazar günü keçirdiyi qəzadan sonra mübarizəni dayandırmışdı. İlk beşliyi isə, özəl Ford avtomobilində çıxış edən Mads Ostberq tamamlayıb.

Dünya ralli çempionatının növbəti mərhələsi 26-29 oktyabr tarixlərində Böyük Britaniyada keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt