Isuzu şirkəti Concept X adlı konseptual ofrouderi nümayiş etdirib. Konseptual ofrouder iki variantda təqdim olunub: pikap və bağlı kuzovla. Prototipin ən maraqlı xüsusiyyətləri müstəqil ön və çoxqollu arxa asqı, yüksək klirens və idman əyləcləridir. Konseptin seriyaya gedəcəyi barədə məlumat verilməyib.
Isuzu Concept X prototipi D-Max modelinin bazasında inşa edilib. Prototpin qabarit uzunluğu 5500 millimetr, eni - 2150 millimetr, hündürlüyü isə 2100 millimetrdir. MU-X modelinin bazasında inşa edilən bağlı kuzovlu avtomobil pikapdan 500 millimetr qısa, 50 millimetr ensiz və 50 millimetr hündürdür. Prototipin klirensi 370 millimetr təşkil edir. Avtomobilin giriş-çıxış bucağı, müvafiq olaraq, 49,7 və 38,5 (baglı kuzovlu modeldə 37,3) millimetrdir.
Ofrouderlər 177 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən 3,0-litrlik 4JJ1 Hi-Power dizel mühərriki ilə təchiz edilirlər. Güc aqreqatı altı pilləli Aisin avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Concept X modelinin təchizatına öndə altı, arxada isə dörd porşenli TBS Racing əyləc mexanizmləri, təkər tağlarının poladdan hazırlanmış genişləndiriciləri, kandar və bamperlərin müdafiəsi, həmçinin dartma gücü 4,5 ton olan iki bucurqad daxildir.