İsveçrənin Morand Cars şirkəti 2023-cü ildə konstruksiyasında biokompozitdən istifadə olunacaq hiperkarı buraxacaqdır. Hiperkar hibrid və tamamilə elektrik güc qurğusu ilə təchiz ediləcəkdir. Elektrik varinatı 560 kilovatadək gücü olan yükləməni dəstəkləyəcək və 300 kilometrlik yürüş ehtiyatına malik olacaqdır.
Morand Cars şirkəti keçmiş pilot Benua Moran və Lotus F1 Team komandasının sabiq rəhbəri Erik Bulye tərəfindən yaradılıb. Onların hər ikisinin də böyük təcrübəyə malik olduğunu nəzərə alsaq, bu layihənin reallaşacağına ümid var. Morand hiperkarı hibrid və tamamilə elektrik güc qurğusu ilə hərəkətə gələn versiyalarda buraxılacaqdır. Eyni zamanda, bəyan edilmiş xarakteristikalar artıq potensial müştəriləri heyran etməlidir. Avtomobilin qiyməti də “heyranedicidir” – hiperkar almaq üçün 2,3 milyon İsveçrə frankı (4,2 milyon manat) tələb olunur.
Morand hiperkarının hər iki variantı karbon monokok ətrafında inşa ediləcəkdir. Bununla birlikdə, bəzi kuzov panelləri və interyer elementləri (kapot, qapılar, arxa fənərlər və oturacaqlar) kətan lifinin əsasında yaradılmış Amplitex biokompozitindən hazırlanacaqdırlar. Material Bcomp firması tərəfindən hazırlanıb və artıq Polestar və Porsche avtomobillərində tətbiq olunur. Biokompozit karbonplastikdən bir qədər ağırdır, buna görə də ondan şassidə istifadə etməyin mənası yoxdur, amma ekologiya və çəkinin azaldılması baxımından Amplitex, məsələn, alüminiumdan daha sərfəlidir.
Morand EV elektrokarı dörd elektrik mühərrikini alacaqdır. Onların ümumi gücü 2000 at qüvvəsini keçəcəkdir - yəni hiperkar Lotus Evija və Aspark Owl ilə rəqabət aparacaqdır. 70 kilovat-saatlıq tutuma və bir kiloqrama 210 vattdan çox enerji sıxlığına malik olan batareya avtomobilə 301 kilometrlik Qran Pri məsafəsini qət etməyə imkan verəcəkdir. 350 kilovatlıq terminaldan batareyanın doldurulmasına cəmi 12 dəqiqə, 560 kilovatlıq terminaldan (o vaxta qədər yaradılarsa) isə yeddi dəqiqə vaxt sərf ediləcəkdir.
Kupenin hibrid versiyası tərkibinə üç elektromotor və xüsusi olaraq hazırlanmış 5,2-litrlik V10 mühərriki daxil olan hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Elektromotorlardan ikisi ön təkərləri hərəkət etdirəcək, üçüncü elektromor isə daxili yanma mühərriki ilə yeddi pilləli sekvental Xtracı transmissiyanı "birləşdirəcəkdir". Hibrid qurğunun ümumi gücü 1200 at qüvvəsini keçəcəkdir. Hibridin 200 km/saata sürətlənməsinə 6,3-6,5 saniyə tələb olunacaqdır. Eyni zamanda, Estrema Fulminea elektrik hiperkarında olduğu kimi, litium-ion batareyasının və superkondensatorun hibrid bloku dartma batareyası rolunda çıxış edəcəkdir. "Buferin" tutumu 4,5 kilovat-saat, gücü isə 300 kilovat olacaqdır.
Ümumilikdə, Morand Cars şirkəti hiperkarı 73 nüsxədən ibarət olan məhdud saylı tirajla buraxmağı planlaşdırır. Bunlardan neçəsinin hibrid, neçəsinin isə elektromobil olacağı hələlik bilinmir. Ancaq hiperkarın debüt tarixi məlumdur: hibrid bu ilin sonuna qədər, “batareya” versiyası isə 2022-ci ildə işıq üzü görəcəkdir.