İtaliya Ticarət Agentliyi (ITA) və İtaliyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri Bakıda keçirilməsi planlaşdırılan ikitərəfli Biznes Forumunun təşkili ilə bağlı Azərbaycan tərəfi ilə müzakirələr aparıblar.

Görüşdə İtaliya Ticarət Agentliyinin Bakı ofisinin direktoru Cecilia Oliva və İtaliyanın Azərbaycandakı Səfirliyinin birinci katibi Marvin Seniga, eləcə də AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı qarşıdan gələn Biznes Forumunun təşkili, tədbirə İtaliya şirkətlərinin cəlb olunması və iki ölkənin biznes dairələri arasında əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

Forumun təşkili İtaliya Ticarət Agentliyi (ITA), İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi və İtaliyanın Azərbaycandakı Səfirliyi tərəfindən əlaqələndirilir.

Qeyd edək ki, keçirilən görüş ötən həftə Romada İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani, İtaliyanın müəssisələr və “Made in Italy” naziri Adolfo Urso və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında baş tutan görüşün davamı kimi qiymətləndirilir.