Bazar günü qət edilmiş Sardiniya rallisinin ilk iki dopundan sonra Ott Tanyak Latvala ilə ara zamanını 25,5 saniyəyə artırmağa müvəffəq olmuşdur.
M-Sport komandasının eston pilotu bu günə qədər Dünya Ralli Çempionatında qələbə çalmamışdır. İlk dopda zaman itkisinə yol vermiş estoniyalı Sassari-Argentiera dopundan sonra bir qədər aranı açmağa müvəffəq olmuşdur. Bunun əsas səbəbi Toyota Yaris avtomobilində çıxış edən Yari-Matti Latvalanın beş saniyəlik durması olmuşdur. Lakin, liderlik Tanyaka elə də asan başa gəlməmişdir.
Ford Fiesta WRC modelinin kuzovunda açılmış dəlik eston pilotun avtomobilinin içərisinə toz dolmasına səbəb olmuşdur. Tanyak komandanın növbəti dopda bu dəliyi aradan götürəcəyinə əmin olduğunu bildirmişdir. Dünən yarışdan çəkiləcəyini elan etmiş Heyden Paddon Hyundai mexaniklərinin səyi nəticəsində yarışa üçüncü seksiyada qayıtmağı bacarmış və üstəlik ilk səhər dopunda ən sürətli vaxta imza atmışdır.

Yari-Matti Latvala (Toyota Yaris WRC)
Paddonun komanda yoldaşı Dani Sordo isə, 17-ci xüsusi hissədə ən yeyin pilot olmuşdur. Üçüncü Hyundai i20 avtomobili ilə yarışan Tyerri Nevil üçüncü yerdə yarşı davam etdirir. O, Latvalaya 40 saniyə uduzsa da, digər Toyota pilotu Esapekki Lappidən 1 dəqiqə 24,7 saniyə irəlidədir. Öz növbəsində, Lappi iki dopda komanda yoldaşı Yuho Hanninendən yeyin olmuşdur.
Çempionatın lideri olan və ralli boyu digər pilotlar üçün «yolu təmizləməyə» məcburiyyətində qalan Sebastyen Ojye super xüsusi hissədə xal qazanmaq niyyətindədir və bu səbəbdən də avtomobilini çox da zorlamamaq qərarına gəlmişdir. Hazırda Sebastyen altıncı olaraq yarışa davam edir. Onu Mads Ostberq (M-Sport) və Andreas Mikkelson (Citroen) təqib edir.