İtaliyanın FV Frangivento startapı istehsala hazır olan Asfane DieciDieci hibrid superkarını təqdim edib. Avtomobilin adındakı DieciDieci sözləri italyancadan tərcümədə 1010 deməkdir. Ariflər artıq bu rəqəmin avtomobilin gücünə işarə etdiyini anlayırlar. İtalyanlar Koenigsegg şirkətinin bənzəri olmaq niyyətindədirlər.
Asfane DieciDieci qoşulan hibriddir və Turində yerləşən Car Racing firmasının ustaları tərəfindən təkmilləşdirilmiş 860 at qüvvəli 5.4-litrlik V10 mühərriki ilə hərəkətə gəlir. Daxili yanacaq mühərriki ilə tandemdə iki elektromühərrik çalışır. Hər iki elektrik mühərriki ön oxda yerləşir və avtomobili əlavə 150 at qüvvəsi ilə təmin edirlər. Transmissiya - səkkiz pilləli avtomatik ötürmələr qutusudur. İstehsalçı avtomobilin yalnız maksimal sürətini açıqlayıb – 350 km/saat.
Qoşulan hibridin əsasını alüminium rama təşkil edir. Kuzov panelləri karbondandır. Avtomobilin maraqlı cəhətləri damda olan hava girişi, iri diffuzor, kuzovun eni boyu uzanan arxa işıqlar və buraxılış sisteminin altı çıxış borusudur. Asfane DieciDieci modelinin salonunda şturvala oxşayan sükan çarxı, rəqəmsal cihazlar paneli və məlumat-əyləncə mərkəzinin displeyi quraşdırılıb.
Bu layihəni maliyyələşdirilməsini FV Frangivento firması superkara qəbul edilən sifarişlər vasitəsi ilə aparmaq niyyətindədir. Asfane DieciDieci modelini 1,5 milyon avroya qiymətləndiriblər.