Lamborghini şirkəti növbəti rekorda imza atıb: seriya nömrəsi 20 000 olan Huracan superkarı buraxılıb. “Yubiley” avtomobili Monakodan olan müştəriyə veriləcək tutqun boz rəngli Lamborghini Huracan STO kupesi olub.
Huracan 2014-cü ildə debüt edib və o hələ də şirkətin ən kütləvi modeli adını daşıyır, çünki əvvəlki Lamborghini Gallardo superkarı istehsal olunduğu 10 il müddətində 14 022 nüsxədə satılmışdı.
Bununla belə, Lamborghini Urus krossoveri 20 000 həddini keçmək üzrədir: onun istehsalına 2018-ci ildə başlanılıb və ötən yayda seriya nömrəsi 15 000 olan avtomobil konveyerdən çıxıb. Urus, Huracan modelindən demək olar ki, iki dəfə çox satılır, buna görə də, bir neçə ay və ya hətta həftə ərzində ən kütləvi istehsal olunan model adı ona keçəcəkdir.
Bu günə qədər Lamborghini Huracan superkarının on iki yol və üç trek versiyası gün işığını görüb. İndi istehsal proqramında bu yaxınlarda təqdim edilmiş Huracan Tecnica da daxil olmaqla altı yol modifikasiyası var.
Statistikaya görə, kupe ümumi satışların 71 faizini təşkil edir, spayderləri isə alıcıların 29 faizi seçir. Müştərilərin 60 faizdən çoxu Ad Personam firma fərdiləşdirmə proqramından istifadə edir. Huracan üçün əsas bazar isə avtomobillərin 32 faizinin göndərildiyi ABŞ-dır. Onun ardınca İngiltərə və Çin gəlir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.