Amerikan J.D.Power agentliyi ən etibarlı və keyfiyyətli avtomobillər buraxan şirkətlərin siyahısını dərc edib. Genesis, Kia və Hyundai markaları yapon və avropa brendlərini üstələməyə müvəffəq olublar.
Reytinq yeni avtomobilləri ilk üç ay müddətində istifadə edən sürücülərin şikayətləri və rastlaşdıqları problemlər haqqında məlumata əsasən tərtib olunub. Ən az şikayət edənlər Genesis avtomobillərinin sahibləri olub - 100 avtomobildə 63 problem aşkar edilib. İkinci yerdə Kia markası qərarlaşıb. İlk üçlüyü Hyundai markası tamamlayıb. Koreyalıları amerikan markaları olan Ford, Lincoln və Chevrolet şirkətləri təqib ediblər. Dodge və Buick də yuxarı yerləri tutublar - səkkizinci və on birinci.
Yapon markaları Nissan, Lexus və Toyota müvafiq olaraq yeddinci, doqquzuncu və onuncu yerləri tutublar. Adı çəkilən markaların nəticələri, bu sahədə olan ortalama göstəricidən (100 avtomobilə 93 problem) daha yaxşıdır.
Reytinqin aşağı hissəsində alman «üçlüyü» Mercedes, Audi və BMW, həmçinin Volvo və Volkswagen yer alıblar. Siyahını Land Rover və Jaguar tamamlayıb.
J.D.Power agentliyinin eksperti Deyv Sarcent avtokonsernlərə multimedia sistemlərinə və elektron yardımçılara xüsusi diqqət yetirməyi tövsiyyə edib. Bu günə bu sahədə liderlik məhz koreya brendlərinə məxsusdur ki, bu da onların keyfiyyət və etibarlılıq reytinqində birinci olmasını təmin edib.
Eyni zamanda, Sarcent bütün brendlərin məlumat-əyləncə sistemlərində keçən ilə nisbətən irəliləyişin olduğunu qeyd edib. Bu irəliləyişin əsas səbəbi avtomobil şirkətlərinin istifadədə sadə və intuitiv anlaşılan media sistemlərinə üstünlük verməsidir.
Sarcent avtomobil sahiblərinin yeni aldıqları avtomobillərdə rast gəldikləri problemləri bir neçə kateqoriyaya bölüb. Birinci kateqoriyaya lokal problemlər (məsələn, fənərin sıradan çıxamsı), ikinciyə - səslə idarəetmənin mürəkkəbliyi, üçüncüyə isə, sürücülər tərəfindən yarıavtonom sistemlərin həddindən artıq şişirdilmiş imkanları aiddir. Ümumilikdə, yeni avtomobillərə olan şikayətlər son 10 ildə 14% azalıb.