JAC yeni dəbdəbəli minivenin görüntülərini dərc edib. Refine xəttinə daxil olacaq premium sinifli avtomobilin konsepti bu il aprel ayının 18-dən 27-dək keçiriləcək Şanxay avtosalonu çərçivəsində təqdim ediləcək. Yenilik kuzovun dizaynında qeyri-adi həlləri, eləcə də yüksək texnologiyalı interyeri alacaq. Bununla belə, mühəndislər avtomobilin güc qurğusu barədə təfərrüatları açıqlamayıblar. Adı açıqlanmayan miniven 2023-cü ilin üçüncü rübündə Çində satışa çıxarılacaq.
Gələcək JAC miniveni böyük, qeyri-adi formalı radiator barmaqlığı, nazik ön optika, həmçinin arxa spoylerə rəvan axan maili dam xəttini alacaq. Bundan əlavə, mühəndislər orta dayaqdan imtina edəcəklər. Tərtibatçıların fikrincə, bu həll sərnişinlərin salona minməsini asanlaşdırmalıdır.
Avtomobilin salonu ikirəngli tərtibatı, xüsusi formalı sükan çarxı, həmçinin ikinci cərgədəki ayrıca oturacaqları ilə seçilir. Digər qeyri-adi həllər arasında şəffaf dam örtüyü və yan güzgüləri əvəzləyəcək kameralar var. Belə texnologiyaya malik olan avtomobillərin Səma İmperiyasındakı istismarına cari ilin yay icazə veriləcəyi gözlənilir.
Çin istehsalçısı minivenin güc qurğusu barədə təfərrüatları açıqlamayıb. Bağlı barmaqlığı nəzərə alsaq, avtomobilin elektrik mühərrikləri və ya ardıcıl hibrid texnologiyası ilə təchiz edildiyini söyləmək olar. Yenilik JAC Refine miniven xəttinin flaqmanı olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.