Britaniya brendinin amerikan filialının rəhbəri Co Eberhardtın bildirdiyinə görə, iyun ayında Jaguar şirkəti model çeşidini üç modelə qədər ixtisara salmağa hazırlaşır. İlkin məlumata görə, Koventridəki konveyer xəttindən yalnız krossoverlər çıxacaqlar. Jaguar belə formatda təxminən bir il işləyəcək. Sonra isə, Britaniya istehsalçısı yeni elektromobillərin satışına başlamağı planlaşdırır.
Jaguar şirkəti cari ilin yayında XE və XF sedanlarının, həmçinin F-Type kupe və rodsterlərinin istehsalını dayandırmalıdır. Beləliklə, brendin model çeşidində yalnız F-Pace, E-Pace və I-Pace krossoverləri qalacaqlar. Çeşidin azalmasına baxmayaraq, ekspertlər davamlı olaraq diler mərkəzlərini avtomobillərlə təchiz etməyə imkan verəcək istehsal qrafikini hazırlamalıdırlar.
Jaguar brendinin ilk elektrik modeli dördqapılı qrand-turer olacaq və o, brendin model xəttində flaqman mövqeyini tutacaq. Elektromobilin enerji doldurmadan təxminən 700 kilometr yol qət edə biləcəyi ehtimal olunur. İlk batareyalı Jaguar təxminən 120 min dollara başa gəlməlidir. Daha sonra şirkət iki yeni elektrik krossoverini buraxmağı planlaşdırır.
Ötən ilin oktyabr ayında Jaguar daxili yanma mühərriki ilə hərəkətə gələn ən son F-Type modelini təqdim edib. Vida seriyasından olan model kupe və kabriolet kuzovlarında təklif edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.