Məşhur Enzo Ferrarinin ən gözəl avtomobil adlandırdığı əfsanəvi Jaguar E-Type modeli 60 illik yubileyini qeyd edir. Modelin təqdimatı 15 mart 1961-ci ildə Cenevrə avtosalonunda keçirilib. Bu il Cenevrədəki sərgisi pandemiya səbəbi ilə ləğv edildiyinə baxmayaraq, Jaguar belə bir əhəmiyyətli tarixi qeyd etmək qərarına gəlib. Dekabr ayında, müasir Jaguar F-Type sportkarının bayram versiyasının buraxılacağı elan edilib. E-Type modelinin zəngin həvəskarları üçün isə 12 tarixi avtomobildən ibarət dəst hazırlanıb.
Bu avtomobillər remeyk deyillər, Jaguar Classic bölməsi tərəfindən diqqətlə bərpa olunan orijinal avtomobillərdir. Onlar yalnız orijinal vəziyyətlərinə deyil, həm də uyğun detallar və dekor quraşdırılaraq ilkin 1961-ci ilin spesifikasiyasına gətiriliblər. Üstəlik, 12 avtomobilin hamısı Cenevrədəki Jaguar stendində olan nüsxələri təkrarlayırlar. Seriya kupe və roadsterlər arasında bərabər şəkildə bölünüb. Kupelər boz rəngə boyanıb və qara dəri rəngində salona malikdirlər. Rodsterlər isə tünd yaşıl kuzova və oxşar salon tərtibatına sahibdirlər.
Hər bir yubiley nüsxəsinin mərkəzi tunelində Koventri-Cenevrə marşrutu (Jaguar fabrikindən avtosalona qədər) və bu avtomobillərin dünya təqdimatı ilə əlaqədar Jaguar şirkətinin qurucusu ser Vilyam Layonsdan sitatlar həkk olunmuş metal panel quraşdırılıb. Qapalı versiyalara Layonsun təqdimatdan bir neçə dəqiqə əvvəl kupeni sərgi mərkəzinə gətirən sürücüyə dediyi “I thought you’d never get here” (“Heç vaxt buraya gəlməyəcəyini düşünürdüm”) ifadəsi qismət olub.
Açıq modellərdə “Drop everything and bring the open top E-type over” (“Hər şeyi atın və üstü açıq E-type gətirin”) ifadəsi həkk edilib - bu əmr Layons tərəfindən sərginin ilk günü, stendin təcili olaraq ikinci avtomobilə ehtiyac duyulduğu aydın olduqda verilmişdir. Rodster həmin gecə Koventridən gətirilmişdi. Hər bir lövhənin hazırlanmasına 100 saat əl işi sərf edilib.
Müasir əlavələr olmadan keçinilməyib. 12 avtomobilin hər birində xatirə nişanları, klassik Jaguar Classic Infotaiment System məlumat-əyləncə sistemi (miniatür ekran, naviqasiya və Bluetooth bağlantısı ilə) və klaksonun 24 karatlıq qızıldan düyməsi quraşdırılıb.
Texniki təkmilləşdirmələr də var. Bərpa prosesi zamanı hər bir avtomobilin 269 at qüvvəli 3,8-litrlik altısilindrli mühərriki üç karbüratorlu qidalanma sistemini qoruyub-saxlayıb, lakin elektron alovlanma sistemi, təkmilləşdirilmiş soyutma sistemi (müasir radiatorla) və fərqli bir buraxılış sistemini əldə edib. Bütün yeni komponentlər orijinala bənzədilib. Bundan başqa, orijinal dörd pilləli mexaniki ötürmələr qutusunun əvəzinə yeni beş pilləli qutu quraşdırılıb. Başqa sözlə, belə E-Type gündəlik istifadə üçün daha çox uyğundur.
Jaguar E-Type 60 Collection yubiley seriyasından olan kupe və kabrioletləri cüt-cüt satılır, yəni cəmi altı dəst satılacaqdır. Qiymət hələlik elan edilməyib, lakin Jaguar Classic bölməsinin bərpa etdiyi “adi” E-Type ailəsindən olan avtomobillərin qiyməti 315.000 funt sterlinqdir. Yəni yubiley dəsti üçün ən azı 650 min funt sterlinq istəyəcəklər.