Jaguar F-Type modeli Britaniya markasının model xəttində eqoistlər üçün nəzərdə tutulmuş yeganə avtomobildir. Xarizmatik dizayna malik olan, kupe və rodster kuzovu ilə təklif edilən F-Type modelinin növbəti nəsli ortamühərrikli olmaqla yanaşı, həm də elektrik ötürməsi ilə hərəkətə gələ bilər.

«Autocar» nəşrinə müsahibə verən Jaguar markasının şef-dizayneri Yan Kallum yeni nəslin yaradılması zamanı dizaynerlərin gözü önündə 2010-cu ildə debüt etmiş C-X75 konseptinin duracağını bildirib. Dizayner, hazırda marka rəhbərliyinin yeni Jaguar F-Type üçün mühərrik seçdiyini də söyləyib. Britaniyalıların əsas məqsədi Porsche 911 sportkarı ilə rəqabət aparacaq modelin yaradılmasıdır.

Kallum hazırda iki variantın gözdən keçirildiyini bildirib: ortada yerləşən mühərrikə malik olan elektrikləşdirilmiş model, və yaxud V8 mühərrikinin əsasında yaradılmış öndə yerləşən hibrid güc qurğusu ilə hərəkətə gələn avtomobil.

Bununla belə, cari modellə vidalaşmaq tezdir: hazırki Jaguar F-Type modeli yaxın üç il ərzində diler salonlarında satılacaqdır. Məlum məsələdir ki, model bir sıra yeniliklərə də sahib olacaqdır. Hər halda, Kallumun “yaxın zamanlarda” yeni model üzərində çalışmaların başlanacağı barədə söyləməsi bunu deməyə imkan verir.

Yeni modelin yaradılması tamamilə yeni platformanın yaradılmasını tələb edir. Bu isə, böyük xərc tələb edən bir prosesdir. Jaguar Land Rover ittifaqının son rübdə 500 milyon dollar itirdiyini nəzərə alsaq, yeni plarformanın sıfırdan yaradılması və ya onu kənarda sifariş etmək o qədər də sərfəli deyil. 2010-cu ilin konsepsiyasının yeni Jaguar F-Type üçün istifadə edilməsi daha məqsədəuyğun görünür.

İyul ayının sonlarında JLR ittifaqının BMW mühərriklərinə keçəcəyi barədə xəbərlər peyda olub. Artıq, iki istehsalçı elektrik mühərriklərinin yaradılması sahəsində əməkdaşlıq etmək barədə razılaşıblar da. Bununla belə, britaniyalılar hibrid qurğu və adi DYM-ni də gözardı etmək niyyətində deyillər.