Londonda keçirilmiş Tech Fest sərgisində Jaguar Land Rover şirkəti Future-Type pilotsuz konsept avtomobilini və əfsanəvi E-Type modelinin elektrik variantını nümayiş etdirib. Həmçinin istehsalçı, 2020-ci ilə kimi, buraxdığı bütün modellərin güc aqreqatlarının elektrikləşdirilməsi planları barədə danışıb.
Sərginin başlıca yeniliklərindən biri klassik E-Type modelinin elektrik variantı olub. Elektrokar, Jaguar Classic bölümü tərəfindən 1968-ci ilin E-Type rodsterinin bazasında hazırlanıb. Bir zamanlar Enzo Ferrari bu rodsteri “dünyanın ən gözəl avtomobili” adlandırıb.
E-Type Zero adını almış rodster 299 at qüvvəsi hasil edən elektromotora və 40 kilovat-saatlıq litium-ion batareyalarına sahib olub. Elektrik rodsteri yerindən 100 km/saat həddinə 5,5 daniyəyə sürətlənir. Onun yürüş məsafəsi 270 kilometrdir. Batareyaların tam doldurulmasına 5-6 saat vaxt tələb olunur.
Jaguar Classic bölümünün rəhbəri Tim Hanninq elektrik güc qurğusunu XK ailəsindən mühərriki olan istənilən Jaguar modelinə uyğunlaşdırmağın mümkün olduğunu bildirib. Bunlar, sıralı altı silindrli mühərriklər ilə təchiz edilən əfsanəvi E-Type, XK120, Mk2 və 1949-dan 1992-ci ilə kimi buraxılmış XJ6 modelləridir.
Jaguar Future-Type konsepti istehsalçının2040-cı ildən sonrakı avtonom sistemi olan nəqliyyat vasitələrinə olan baxışını ifadə edir. 2+1 oturacaq formulasına malik olan avtomobil şəhərdə gündəlik yerdəyişmələr üçün nəzərdə tutulmuş və ağıllı sükan çarxı ilə təchiz edilmişdir.
Adı çəkilən konsept, əfsanəvi D-Type, E-Type və XJS modellərinin dizayneri olmuş Malkolm Sayerin şərəfinə Jaguar Sayer adlandırılıb. Gələcəyin sükanı cilalanmış metaldan hazırlanmış, səslə idarə edilən və iki məlumat displeyinə malik olan ovaldan ibarətdir.
Süni idrak sahibinin gündəliyində olan tədbirləri qeydə alır və xatırladır. Buna misal olaraq qarşıdan gələn görüşləri göstərmək olar. Sayer avtopilotu olan avtomobilin sahibinin evinə nə zaman yaxınlaşacağını təxmin etmək və yaxud sürücünün idarəetməni öz üzərinə götürmək istəməsi halında «drayver marşurutunu» seçmək qabiliyyətinə malikdir.
Gələcəkdə karşərinq xidmətlərinin inkişafı nəqliyyat vasitəsini qarşıya qoyulan məqsədə uyğun olaraq dəyişmək imkanı verəcəkdir. Misal üçün, bir gün sedan, digər gün krossover və yaxud idman avtomobili gərək ola bilər. Sayer onların hər biri ilə birgə çalşa bilər. Sükanın avtomobilə qoyulmasından sonra yadda saxlanmış məlumatlar (oturacaqların vəziyyəti, səs sisteminin tənzimləmələri, naviqasiya sisteminin marşrutları) dərhal seçilmiş avtomobilə köçürüləcəkdir.
2020-ci ildən başlayaraq Jaguar Land Rover şirkəti bütün model xəttini elektrikləşdirməyi planlaşdırır. Bunlar elektromobillər, məişət şəbəkəsindən qidalanan hibridlər və “yumşaq” hibridlər adlandırılan avtomobillərdir.
Sonuncuların adi hibridlərdən fərqi, daxili yanacaq mühərrikinə yardım edən, həmçinin startyor və generatoru əvəzləyən elektromotorun olmasıdır.