Jaguar şirkətinin yeni bayraqdar modeli J-Pace krossoveri olmalıdır. Yeni bayraqdarın iki ildən sonra debüt edəcəyi gözlənilir. “Autocar” dərgisinin əldə etdiyi məlumata əsasən, söhbət geniş mühərrik çeşidinə və ən müasir təchizata malik olan avtomobildən gedir.
Jaguar J-Pace modeli yeni MLB alüminium platformasına inşa ediləcəkdir. 2025-ci ilədək bu platforma hər bir Jaguar avtomobilinin əsasını təşkil edəcəkdir. “Autocar” dərgisinin məlumatına görə, Jaguar J-Pace modeli Land Rover krossoveri və Jaguar XJ elektrik sedanı ilə birlikdə eyni platformada inşa ediləcək üç yeni modeldən biri olmalıdır.
Yeni krossoverin maraqlı cəhətlərindən biri mexaniki qurğuları olmayan tam çəkiş sistemidir. Arxa oxda yerləşdiriləcək elektrik mühərriki arxa təkərlərin hərəkətə gəlməsinə cavabdeh olacaqdır ki, bu da avtomobilin salonunu daha geniş etməyə imkan verəcəkdir. Dartma qüvvəsinin oxlar arasındakı dəqiq bölünməsi isə, həm idarəetməni, həm də yolsuzluq imkanlarını yaxşılaşdırmalıdır.
Bundan başqa, krossoverin altlığı hamar olacaqdır ki, bu da aerodinamika göstəricilərinə və çətin yolları qət etmə qabiliyyətinə yaxşı təsir göstərəcəkdir. Jaguar J-Pace modelinin mühərrik çeşidinə benzin mühərrikləri, hibrid qurğu və elektrik güc aqreqatı daxil ediləcəkdir. Jaguar şirkəti 2025-ci ilə elektromobillərin payınnı ümumi satış həcminin 20 faizinə çatdırmaq niyyətindədir.