Son illərdə Britaniyanın avtomobil istehsalçıları klassik modellərindən bir neçəsinə ikinci həyatı bəxş ediblər. “Davam ” seriyadan olan avtomobillərin buraxılması ilə Bentley, Aston Martin, Allard və digər istehsalçılar məşğul olublar. Belə avtomobillər adətən varlı alıcılar arasında olduqca populyardırlar. Bu günlərdə Jaguar şirkəti belə avtomobillərdən birini dirçəltmək qərarına gəlib – söhbət , XK120-C adı ilə tanınan, 1951-ci ildə debüt etmiş C-Type yarış avtomobilindən gedir. Bu model debüt ilində “Le Manın 24 saatı” marafonunda qələbəni bayram edib.
Alüminium kuzovuna malik olan 1953-cü ilin modelinin surətinin buraxılması ilə şirkətin Koventridəki müəssisəsində məşğul olacaqdırlar. Burada markanın dizayn mərkəzi, həmçinin Jaguar və Land Rover markasından olan klassik avtomobillərinin bərpası üzrə ixtisaslaşmış Jaguar Land Rover Classic Works bölməsi yerləşir.
Modelin Weber karbüratoru ilə təchiz edilmiş 3,4-litrlik altısilindrli mühərriki 223 at qüvvəsinə malikdir. Bundan başqa, belə avtomobillər artıq o zaman disk əyləcləri ilə də təchiz edilirdilər. Orijinal modelin tirajı 53 nüsxədən ibarət olub ki, bunlardan 43 ədədi fərdi şəxslərə satılmışdı. İndi isə, onlara daha səkkiz avtomobil qoşulacaqdır.
Klassik sportkarın dəqiq surətini hazırlamaq üçün, mühəndislər kompüter modelləşdirməsindən (bunun üçün orijinal avtomobillərdən birini skan olunacaqdır) və 70-illik zavod çertyojlarından istifadə edəcəklər. Bu, klassik sportkarın ruhunu və orijinallığını maksimal dərəcədə qoruyub saxlamağa kömək edəcəkdir.
Əllinci illərin əvvəllərindəki orijinal Jaguar palitrasından olan 12 rəngdən, səkkiz daxili tərtibat variantından, habelə kapot və sükan üzərində loqotiplər kimi bir sıra opsiyalardan seçim etmək mümkün olacaqdır. FİA tərəfindən təsdiqlənmiş təhlükəsizlik kəmərləri və təhlükəsizlik qövsləri də mövcuddur.
Avtomobillərin qiyməti hələlik açıqlanmayıb: "davam" seriyasından olan ilk Jaguar C-Type rodsterləri yalnız 2022-ci ildə müştərilərə çatdırılacaqdırlar. Xatırladaq ki, bu günə qədər Jaguar şirkəti klassik E-Type Lightweight yarış kupesinin, XKSS spayderinin və 1955 D-Type modelinin surətlərini buraxıb.