Jaguar şirkəti yığcam ölçülü E-Pace krossoverinin Londonda keçirilmiş xüsusi tədbirdə rəsmi olaraq təqdim edib. İngilis istehsalçısı krossoverin kiçik ölçülərini xüsusi ilə vurğulamaq üçün, avtomobilin alın şüşəsinin çərçivəsində iri yaquarı və onun arxasınca gələn balasını həkk edib. Eyni şəkil avtomobilin qapısı açılan zaman asfaltda da görüntülənir.
Jaguar E-Pace modelinin qabarit uzunluğu 4395 millimetr, təkər bazasının uzunluğu isə 2681 millimertrdir. Yeni krossover BMW X1, Audi Q3, Mercedes-Benz GLA və Range Rover Evoque modelləri ilə rəqabət aparacaqdır. Yeni E-Pace adı çəkilən avtomobillərdə olduğu kimi köndələninə yerləşdirilmiş mühərrikə və öndən çəkişli sxemə malikdir. Xatırladaq ki, digər Jaguar modelləri klassik sxemə sahibdirlər. E-Pace modeli faktiki olaraq Land Rover Discovery Sport krossoveri ilə eyni platformanı bölüşür.
Avtomobil öndə McPherson, arxada isə, Integral Link çoxqollu asqısı ilə təchiz edilir.
Yeganə fərq “kiçik pişikdə” daha sərt rama altlığının olmasıdır. Bundan başqa, əlavə ödənişlə iki rejimli (Normal və Dynamic) adaptiv amortizatorları da quraşdırmaq mümkündür. Təkər disklərinə gəldikdə isə, müştəri 17 - 21 düym arasında diaqonalı olan təkər disklərindən seçmək imkanına malikdir.
Krossoverin kuzovu əsasən poladdan hazırlansa da, dam, kapon, baqaj qapağı və ön qanadlar alüminiumdan düzəldilib. Alın şüşəsinin altındakı köndələn tir isə maqneziumdan düzəldilib. İstənilən halda E-Pace rəqiblərindən ağır alınıb – 1700 kiloqram. Müqayisə üçün X1 - 1425, yeni X3 isə 1750 kiloqramdır. Krossoverin baqaj bölümünün həcmi 577 litr təşkil edir. Arxa cərgənin qatlanması halında sərbəst məkan 1234 litrə qədər artır.
Jaguar E-Pace modelinin interyeri istehsalçının müasir modellərinin üslubunda dizayn edilib. Lakin, fərqlər də mövcuddur.
Belə ki, avtomat qutunun selektoru şayba formasında deyil joystik şəklindədir. Klimat-kontrolun düyməli blokunu isə üç hərlənən dəstək əvəzləyib. E-Pace modelinin salonu da digər Jaguar’lar kimi dəri, ağac və başqa bahalı materiallarla tərtib edilir.
Bundan başqa, mərkəzi konsolda planşet, smartfon bə butulkalar üçün xüsusi yerlər də nəzərdə tutulmuşdur. Salonda beş USB-port və dörd 12-voltluq girişlər də vardır.
Yeni krossoverin avadanlıq siyahısına 10-düymlük bölünən displeyi olan Touch Pro multimedia kompleksi, 12,3-düymlük virtual cihazlar paneli, proyeksiya displeyi, beşinci qapının elektrik ötürməsi, adaptiv fənərlər, avtomatik dayanacaq sistemi və piyadalar üçün təhlükəsizlik yastığı daxildir. Jaguar E-Pace modeli Ingenium ailəsindən olan 2,0-litrlik dörd silindrli turbomühərriklər ilə təklif ediləcəkdir. Dizel mühərrikləri 150, 180 və 240 (biturbio) at qüvvəsinə, benzin aqreqatlar isə 249 və 300 at qüvvəsinə malik olacaqdırlar.
Ən zəif mühərriklə təchiz edilmiş krossover 100 km/saat sürətini 10,7 saniyəyə, top variant isə 6,4 saniyəyə toplayacaqdır.
200 at qüvvəsindən az gücə malik olan krossoverlər standart olaraq öndən çəkiş sistemi və mexaniki qutu ilə təchiz ediləcəkdirlər. Alternativ olaraq 9-pilləli ZF “avtomatı” və tam çəkiş sistemini də sifariş etmək mümkündür. 150, 180 və 249 at qüvvəli mühərriklərlə təchiz edilmiş krossoverlər arxa oxu birləşdirən çoxdiskli muftaya malik olan tam çəkiş sistemi ilə təchiz ediləcəkdirlər.
240 at qüvvəli biturbodizellə və 300 at qüvvəli benzin mühərriki ilə təchiz edilmiş krossoverlər isə Discovery Sport modelindən tanış olan Active Driveline sistemini əldə edəcəkdirlər. Bu sistemdə təkərlərarası arxa differensial olmasa da, hər bir təkər individual muftaya sahibdir. Sistem dinamik hərəkət zamanı dartma vektorunu idarə edir, yolsuzluqda isə ötürülən fırlanma anını effektiv şəkildə bölüşdürür.
Yeni krossover Magna Steyr şirkətinin Avstriyadakı zavodunda istehsal ediləcəkdir. Çin bazarı üçün nəzərdə tutulmuş avtomobillər isə Chery və JLR ittifaqının Çanşudakı zavodunda buraxılacaqdırlar.