Jaguar şirkəti yeni yığcam krossoveri olan E-Pace modelinin sınaqları zamanı çəkilmiş video və şəkillər ilə bölüşüb. Yeni krossoverin təqdimatı 13 iyulda markanın YouTube kanalındakı və Facebook şəbəkələrindəki rəsmi səhifələrində canlı olaraq yayımlanacaqdır.
Yeni avtomobilin sınaqları 25 ay sürüb. Bu müddət ərzində 150 prototip hazırlanıb.
Avtomobili dörd ölkədə, Nürburqrinq və Nardo trekləri də daxil olmaqla bir neçə trekdə, həmçinin Yaxın Şərqin qızmar səhralarında və Qütb dairəsində sınayıblar. Ümumilikdə, prototip "Şimal ilğəyində" 400 dövrə vurub. E-Pace prototipinin sınaqları zamanı qeydə alınmış ən yüksək temperatur Selsi wzrə 48 dərəcə, ən aşağı temperatur isə mənfi 40 dərəcə olub.
Sınaqların keçdiyi yerin dəniz səviyyəsindən maksimal hündürlüyü 1,5 kilometr olub.
Sınaqlarda 500 mühəndis iştirak edib, testlərin ümumi müddəti isə 120 min saat təşkil edib. İyun ayında Britaniya istehsalçısı E-Pace modelinin kamuflyajsız fotoşəkillərini də dərc edib. Bu şəkillərdə avtomobilin profili və arxa fənəri təsvir edilib.
Texniki hissəyə gəldikdə isə, avtomobilin tam çəkiş sistemini və Ingenium ailəsindən olan dörd silindrli turbomühərrikləri əldə edəcəyi bildirilib. Jaguar E-Pace modelinin əsas rəqibləri BMW X1, Mercedes-Benz GLA, Audi Q3 və Lexus NX modeli olacaqdır.