Gələn il əfsanəvi Jaguar E-Type modeli özünün 60 illik yubileyini qeyd edir. Enzo Ferrarinin ən gözəl avtomobil adlandırdığı modelin təqdimatı 15 mart 1961-ci ildə keçirilib. Odur ki, Jaguar yubileyə çox ciddi hazırlaşır. Belə ki, Jaguar Classic bölməsi, orijinal çertyoj və texnologiyalara əsasən hazırlanmış və 3,8-litrlik mühərrik ilə təchiz edilmiş E-Type kolleksiya avtomobilinin altı nüsxəlik tirajla buraxılacağını elan edib.Əlavə olaraq, müasir Jaguar F-Type sportkarının xüsusi bayram versiyası hazırlanıb.
Tam adı Jaguar F-Type Heritage 60 Edition from SV Bespoke olan kupe və rodsterlər 575 at qüvvəli 5,0-litrlik V8 mühərriki, “avtomat” və tam ötürmə sistemi ilə təchiz edilən F-Type R modelinə əsaslanır. Texniki cəhətdən heç bir dəyişiklik yoxdur, ancaq xüsusi seriyanın tərtibatı üzərində SV Bespoke firma bölməsinin mütəxəssisləri işləyiblər.
Yubiley seriyasından olan avtomobillər orijinal E-Type modelinin palitrasında yer alan və altmışlı illərdən bəri seriya modellərində istifadə olunmayan Sherwood Green rənginə əl ilə boyanırlar. Avtomobillərin salon tərtibatında eyni dövrün rənglərinə malik olan dəri və digər materiallardan istifadə olunur. Digər xüsusiyyətlər arasında xromla örtülmüş 20-düymlük təkər diskləri, emblemlər və xüsusi seriyanın adı həkk edilmiş lövhəciklər var.
Heritage 60 yubiley nəşrindən olan olan avtomobillərin tirajı 60 nüsxə ilə məhdudlaşdırılıb.Böyük Britaniyada yubiley modelləri 122,500, orijinal F-Type R kupesi isə 97,300 funt sterlinqdən başlayan qiymətlərlə təklif olunurlar.