Jaguar şirkəti bir neçə gündən sonra işinə başlayacaq Cenevrə avtosalonunda nümayiş etdirəcəyi elektrik i-Pace krossoverini təqdim edib. Krossover dolu batareyalar ilə 480 kilometr qət etmək iqtidarındadır.
Jaguar i-Pace modelinin qabarit uzunluğu 4682 mm, eni 201 mm, hündürlüyü isə 1565 mm təşkil edir. Avtomobilin təkər bazasının genişliyi 2990 mm bərabərdir. Elektrokrossoverin çəkisi 2133 kiloqramdır. Krossoverin çəkisi oxlar arasında 50:50 nisbətində bölünüb.
Beləliklə, Jaguar i-Pace krossoveri F-Pace modelindən 49 mm qısa, 87 mm alçaq və 272 kiloqram ağırdır. Krossover Jaguar Land Rover qrupunun elektromobillər üçün hazırlanmış xüsusi modul platformasında inşa edilib. i-Pace ondə iki, arxada isə çoxqollu asqı ilə təchiz edilir. Əlavə ödəniş etməklə pnevmatik asqını da sifariş etmək mümkündür. Avtomobil həmçinin yol şəraitinə uyğunlaşan Adaptive Dynamics adaptiv asqısını da əldə edəcəkdir.
Arxa cərgədə oturan sərnişinlərin ayaq məkanında genişlik 890 millimetr təşkil edir. Mərkəzi tonnelin olmaması salonda 10,5 litr lazımlı məkanı əlavə edir.
Arxa oturacaqların altında noutbuk və planşetlərin saxlanılması üçün bölmələr nəzərdə tutulubdur. Baqaj bölümünün həcmi 656 litr təşkil edir. Arxa oturacaqların qatlanması halında bu rəqəm 1453 litrə qədər artır. Daha bir baqaj ön kapotun altındadır - 27 litr.
Krossover ümumi gücü 400 at qüvvəsi təşkil edən iki elektromotorla təchiz edilir. 200 at qüvvəsinə malik olan mühərriklər ön və arxa oxda yerləşdirilib. Elektrik mühərrikləri 90 kilovat-saatlıq litium-ion batareyalar blokundan qidalanırlar. Yerindən 100 km/saat sürətini i-Pace 4,8 saniyəyə toplayır. Onun maksimal sürəti 200 kilometr saatdır.
100 kilovatlıq yükləmə stansiyasında akkumulyatorların 80 faizini 40 dəqiqəyə doldurmaq mümkündür. Məişət elektrik şəbəkəsindən isə batareyaları doldurmağa 10 saat vaxt gərəkdir. Jaguar şirkətinin nümayəndələri avtomobilin elektronikasının və güc aqreqatının Selsi üzrə mənfi 40 dərəcəyə kimi temperaturlarda problemsiz işləyəcəyini bildiriblər.
Avtomobil brelok və ya smartfon sayəsində sahibinin yaxınlaşdığını öncədən bilir və klimat-kontrolu, multimedia sistemini və oturacaqları onun istəyinə uyğun tənzimləyir.
Krossoverl süni intellektin alqoritmlərinin köməyi ilə sürücünün tələblərinə uyğunlaşaraq idarəetmə elektronikasının, multimedia kompleksinin və klimat-kontrolu onun tələbatlarına uyğun tənzimləyə bilir. Hərəkət rejimləri isə havanın, günü vaxtı və səfər marşrutundan asılı olaraq dəyişirlər.
Məsələn, bir neçə səfər öncəsi elektronika sükanın və oturacaqların qızdırılmasını aktivləşdirə bilər.
Elektrokrossover yeni nəsil naviqasiya sisteminə malik olan multimedia sistemi ilə təchiz edilib. Sistem səfərin topoqrafiyasını qiymətləndirə və əvvəlki səfərlərin detallarını yadda saxlaya, həmçinin sürücünün üslubunu təhlil edə bilər. Bu məlumatların əsasında elektronika fərdi sürət diapazonunu müəyyən edib, səfər üçün gərək olan elektrik enerjisini hesablaya bilər.