Jaguar şirkəti «dünyanın ilk superkarı» adlandırdığı XKSS modelinin buraxılışını bərpa etmək niyyətindədir. Xatırladaq ki, orijinal Jaguar XKSS avtomobilləri 1957-ci ildə istehsal edilmişdirlər. Əslinə baxanda, Jaguar XKSS modeli, 1950-ci illərin ortalarında üç dəfə ardıcıl olaraq Le-Man yarışlrında qalib gəlmiş Jaguar D-Type yarış avtomobilinin ümumi yollar üçün nəzərdə tutulmuş variantıdır. 1957-ci ilin yanvarında Jaguar markasının yaradıcısı Uilyam Layons firmanın anbarlarında qalan 25 ədəd D-Type yarış avtomobilini minik avtomobilinə çevirərək satmaq qərarına gəlmişdir. Beləliklə, hamının yaxşı tanıdığı Jaguar XKSS avtomobili meydana gəlmişdir.
XKSS modeli D-Type avtomobilindən iri alın şüşəsi, sərnişin tərəfindəki əlavə qapının mövcudluğu, eyni zamanda oturacaqların arasındakı ayırıcının və sürücünün arxasındakı «üzgəcin» olmaması ilə seçilir.
1957-ci ildə istehsalçı yalnız 16 ədəd avtomobili yığa bilmişdir. Qalan doqquz avtomobili isə, Jaguar şirkəti indi buraxmaq qərarına gəlmişdir. Şirkətdə onu da qeyd edirlər ki, avtomobillər 59 il bundan əvvəl qəbul edilmiş standartlarla istehsal ediləcəkdirlər.
Avtomobillərin istehsalı Uorik şəhərində təşkil ediləcəkdir. Hər bir avtomobilin dəyəri bir milyon funt-sterlinqin (2,3 milyon manat) üzərində olacaqdır. Jaguar XKSS modelinin ilk nüsxələri alıcılara 2017-ci ilin əvvəlində çatdırılacaqdır.