Jaguar brendi son onilliklər ərzində sahibləri üçün problemli aktiv olub. Bir vaxtlar məşhur olan Britaniya brendi müxtəlif səbəblərdən alman premium brendləri ilə rəqabət apara və ondan tələb edilən satış həcminə nail ola bilməyib. Jaguar şirkətinin yeni strategiyası bir neçə il əvvəl qəbul edilib və o, 2025-ci ildən sırf elektriklə işləyən avtomobillərin istehsalına keçidi nəzərdə tutur. Britaniyanın “Autocar” nəşri bu planın təfərrüatlarını öyrənib. 2024-cü ildən başlayaraq, Britaniya markası üç yeni elektrik krossoverini təqdim etməlidir. Özü də, bu krossoverlər heç də ucuz olmayacaqlar.

Beləliklə, məlum olanlar bunlardır: hər üç avtomobil Panthera adlanan yeni platformada inşa ediləcəklər. Yeni arxitektura Magna konserninin iştirakı ilə yaradılır. Bu, avtomobil komponentlərinin istehsalı və digər markalar tərəfindən sifariş olunan avtomobillərin yığılması üzrə ixtisaslaşmış dünyanın ən böyük konsernidir. Məsələn, məhz Magna konsrni hazırda Jaguar şirkətinin sifarişi ilə I-Pace elektromobillərini istehsal edir.

Baza modeli iki versiyada təklif ediləcək idman krossoveri olacaq: iki (!) və ya dörd qapılı. Ən sadə versiya yalnız arxa ötürməli, daha güclü modifikasiyalar isə, tam ötürməli olacaqlar. Maraqlıdır ki, ən sadə versiya belə ucuz olmayacaqdır: onun qiyməti 100-110 min dollardan başlayacaqdır.

Model xəttinin zirvəsində eyni platformanın 20 santimetr daha uzun olan versiyasında inşa edilmiş flaqman krossover duracaqdır. Bayraqdar krossoverin qiyməti, versiyadan asılı olaraq, artıq 145-243 min dollar arasında dəyişəcəkdir ki, bu onu Bentley avtomobilləri ilə eyni qiymət səviyyəsinə gətirib çıxarır.

Texniki tərəfdən yeganə məlum olan, hər üç avtomobilin 800 volt gərginlikli elektrik arxitekturasına əsaslanacağıdır. Nəzəri olaraq bu o deməkdir ki, onları 300 kilovat və ya onun üzərində gücü olan terminallardan doldurmaq mümkün olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.