Britaniyanın Jaguar şirkəti bu yaxınlarda qeyri-adi bir yarış təşkil edib. Tərəf müqabilləri şirkətin «bərkgedən» avtomobillərindən biri olan Jaguar XJR sedanı və reaktiv qanad-çantadan istifadə edən insan olmuşdur. Yarışın gedişatını əks etdirən videoçarx artıq Youtube kanalında nümayış etdirilməkdədir. Jaguar’ın sükanı arxasında keçmiş Formula 1 pilotu Martin Brandl, iki metrlik qanaq açılışı olan karbondan hazırlanmış reaktiv çantanı isə «Jetman» ləqəbli isveçrəli pilot və ixtiraçı İv Rossi idarə etmişdir.

Yarış Dubai yaxınlığındakı səhrada, uzunluğu 2,81 kilometr olan yolda təşkil olunmuşdur. Yarış əsnasında Branl Jaguar’ı 280 km/s həddinə qədər sürətləndirmiş, İv Rossi isə 313 km/s sürətlə hərəkət etmişdir.

Xatırladaq ki, Jaguar XJR sedanı 550 at qüvvəli səkkiz silindirli turbomühərriklə və səkkizpilləli avtomat sürət qutusu ilə təchiz edilir. Yerindən 100 km/s həddinə sürətlənmək üçün avtomobilə 4,6 saniyə bəs edir. Avtomobilin maksimal sürəti 280 km/s-dır.