Jaguar Land Rover ittifaqının gələcək modelləri müasir tibbin nailiyyətlərindən istifadə edərək, qripin və soyuqdəymənin yayılmasına qarşı mübarizə aparmağa yardım edəcəkdirlər. Söhbət, avtomobillərdə ultrabənövşəyi şüalanma texnologiyası ilə çalışan dezinfeksiya sistemlərindən gedir.
Ultrabənövşəyi şüalanma texnologiyası artıq 70 ildir ki, tibb sənayesində uğurla tətbiq edilir. Bu texnologiya, 200-280 nanometr uzunluğunda dalğaların köməyi ilə suyun dezinfeksiyasını, havanın filtrasiyasını və səthlərin sterilləşdirilməsini təmin edir.
Jaguar Land Rover ittifaqı UV-C texnologiyasını avtomobillərin havalandırma qurğularında quraşdıraraq, havanın salonuna daxil olmasından əvvəl patogen mikroorqanizmlərin DNT-sini dağıtmağın mümkün olduğunu hesab edir.
Ultrabənövşəyi şüalar soyuqdəymənin və qripin yayılması ilə mübarizə aparmağa yardım edəcəkdir. Bu texnologiya antibiotiklərə qarşı dayanıqlı olan mikroorqanizmlər də daxil olmaqla, bakteriya və virusları «öldürməyə» imkan verəcəkdir. JLR ittifaqının tibb şöbəsinin rəhbəri Stiv Ayli avtomobil sahibinin salonda ildə 300 saat keçirdiyini və bu zamanı da profilaktiki tibbi yardıma sərf etməyin daha düzgün olacağını bildirib.